Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası noyabrın 13-dən 15-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “EV Charge Show” – Dünya Elektromobil Şarj Cihazı İstehsalçılarının Qlobal Görüşü çərçivəsində “E-mobillik innovasiya və startap yarışması”nın finalına vəsiqə qazanıb.
Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, 2022-ci ildən etibarən Türkiyədə keçirilən bu konfransın məqsədi elektromobillərdə istifadə olunan batareya və şarj texnologiyalarını inkişaf etdirmək, innovativ rəqəmsal həlləri və təmiz enerji istifadəsinə əsaslanan layihələri dəstəkləməkdir. Builki konfransda 20 mindən çox ziyarətçinin, dünyanın 40-dan çox ölkəsindən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.
Hər il konfrans çərçivəsində təşkil olunan “E-mobillik innovasiya və startap yarışması”nda müxtəlif komandalar elektromobillərdə istifadə olunan batareya və şarj texnologiyaları ilə bağlı layihələrini təqdim edirlər. Bu il müsabiqəyə 220 komanda layihə təqdim edib, onlardan 8-i final mərhələsinə vəsiqə qazanıb. Finalçılar arasında BDU-nun “BSU Creativity Workz” komandası özünün “SuperCapBack” layihəsi ilə yer alır.
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində hazırlanan layihə elektromobillərdə istifadə olunan ənənəvi Li-ion batareyalarını ikiqat təbəqəli EDLC supertutumlu + Li-ion hibrid birləşməsi ilə əvəz edərək batareyaların effektivliyini artırmağı hədəfləyir. Belə ki, elektromobildəki regenerativ tormozlama sistemi hesabına yaranan dəyişən cərəyan və elektromobilin sürət götürməsi zamanı batareyadan ani alınan yüksək amperli sabit cərəyan səbəbindən ənənəvi Li-ion batareyalarının iş müddəti və effektivliyi azalır. “SuperCapBack” layihəsində elektromobildə yaranan bu zərərli cərəyanların təsirini minimallaşdırmaq məqsədilə cərəyanların giriş və çıxışlarına EDLC supertutumu, AC-DC çevirici və soyutma sistemi əlavə edilir. Bununla Li-ion batareyasının effektivliyi qorunur və iş müddəti artır.