Türkiyə Respublikasının Dini İşlər Baş İdarəsinin sədri professor Ali Erbaş xanımı ilə birlikdə, Türkiyə səfirinin dini xidmətlər üzrə məsləhətçisi İhsan Açık, mətbuat müşaviri Burak Orhan, Abdullah Kırkıl, Ahmet Fatih Erturan, Uğur Bulut və Hasan Uza Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.
Muzeydən bildirilib ki, Ali Erbaş ekspozisiyada Albaniya dövləti, Təbriz xalçaçılıq sənətinin əvəzsiz nümunəsi “Dörd fəsil” xalçası, ümumtürk ədəbiyyatının yazılı eposu “Kitabi-Dədə Qorqud” dastanına həsr edilmiş guşə, Şamaxıdakı Pirsaat çayı sahilində yerləşən Pir Hüseyn Xanəgahı və memar Əcəmi Naxçıvaninin Möminə Xatun, həm də “Atabəy Günbədi” kimi tanınan tarix-memarlıq türbəsinin maketi və digər nümunələr haqqında məlumatlarla yaxından maraqlanıb.
Qonaqları muzeyin ekspozisiyası ilə fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva tanış edib.
“Əgər ölmək istəmirsənsə, ölməz bir əsər qoyub get”, – deyə duyğularını muzeyin “Rəy kitabı”nda ifadə edən Ali Erbaşın təəssüratları onun səfərdə olduğu qardaş ölkədə unudulmaz anlarından biri olub.
Qeyd edək ki, 2017-ci ildən Dini İşlər Baş İdarəsinin sədri vəzifəsində çalışan, ərəb və fransız dillərini bilən Ali Erbaş 12 kitab və çox sayda məqalə müəllifidir.
O, “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən dini liderlərin Qlobal Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olub