Dərc olunub: 12.11.2024

 

Millətin görkəmli şəxsiyyətləri, istedadlı oğulları onun ən qiymətli sərvətidir. Azərbaycan xalqı öz tarixi ərzində az sayda dahi şəxsiyyətlər yetişdirmişdir.  Onlardan biri də dövrünün görkəmli şairi, tərcüməçi, publisist və jurnalisti Zülfüqar Məşədi Əhməd oğlu Əhmədzadədir. 14 iyun 1898-ci ildə Lənkəran qəzasının Butəsər (indiki Pensər) kəndində anadan olmuşdur. Zülfüqar Əhmədzadənin babaları Məşədi Əhmədin atası Məmməd, Məmməd Həsən oğlu, Həsən Əbülqasım oğlu, Əbülqasım Şeyx Məhəmməd oğlu, Şeyx Məhəmməd Əziz oğlu Pensər kəndinin ilk və əsasını qoyan sakinləri olmuşlar.

Azərbaycanın maarif, mədəniyyət, idarəçilik işində böyük tarixi nəaliyyətləri olan dahi şəxsiyyət Zülfüqar Əhmədzadə haqqında yazmaq, onu gələcək nəsillərə tanıtmaq olduqca vacibdir. O, Talış xalqının mədəniyyətini, tarixini, milli adət-ənənələrini yaşatmaq və dirçəltmək məqsədilə əvəzolunmaz işlər görmüşdür. Cəmi 44 il qısa ömür sürən şairimiz milli ədəbiyyatımızda klassik Talış poeziyasının banisi olmuşdur. Azərbaycan maarifinin inkişafında ölçüyəgəlməz işlər görmüş, yeni məktəblərin açılmasında, insanların savadlanmasında böyük əmək sərf etmişdir. Xalq, millət, mahal, məkan yalnız öz ziyalısına görə tanınır. Azərbaycan və Talış xalqının böyük oğlu Zülfüqar Əhmədzadə görkəmli ictimai-siyasi dövlət xadimi, maarifpərvər ziyalı olmuşdur. Nadir və fitri istedada malik Zülfüqar hələ gənc yaşlarında ikən yüksək təşkilatçılıq nümayiş etdirərək bölgəmizdə təhsilin inkişafı üçün əvəzsiz xidmətlər göstərmişdir. Astarada təhsilin bünövrəsini Zülfüqar Əhmədzadə qoymuşdur. Vətənpərvər insan olduğu üçün həmişə istəyirdi ki, öz xalqı savadlansın. O, kənd və rayonları bir-bir gəzib uşaqları oxumağa cəlb edərmiş. Zülfüqar Əhmədzadə 1929-cu ildən başlayaraq nəşr edilən dərsliklərin və ədəbiyyatların əsas müəlliflərindən biri olmuş, öz ana dilində – talışca yazdığı bir çox şeir və poemalar (məsələn, “Tolışi Jimon” və “Dəvardə Rüjon”) dillər əzbəridir. O, bu böyük ideyalarla yaşamış, zəmanəsini qabaqlaya bilmişdir. Hələ 14 yaşı olarkən rus, türk, fars və ərəb dillərini öyrənərək, şeir yazmağa başlamışdır. 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilmişdir. Ən yaxın qələm dostu Səməd Vurğun idi. 1940-cı ildə sürgündə olarkən Səməd Vurğuna “Şairin andı” adlı məktub göndərmişdir . Söz sənətinin ağır yollarında uğurla addımlayan maarifpərvər ziyalımız gözəl əsərlər yazıb yaratmışdır. İnsan ləyaqətinə və şəxsiyyətinə hörmət, bərabərlik, azadlıq dahi şairin arzusu və idealı olub. Çalışdığı bütün vəzifələrin öhdəsindən layiqincə gələn Zülfüqar Əhmədzadə irsinin təbliği Vətənə və xalqa məhəbbətin bariz nümunəsidir. Vətənini, xalqını sevməyən, onun qayğısına qalmayan, onu düşünməyən insan heç vaxt yaxşı rəhbər ola bilməz!

Böyük şəxsiyyət Zülfüqar Əhmədzadə 1918-ci ildən başlayaraq “Hümmət”, “Ədalət”, “Bolşevik” partiyalarının fəal üzvü olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra bir çox vəzifələrdə işləmişdir. O, 1920-1923-cü illərdə Lerik rayonu (Zuvand) Qosmalyan nahiyyə İcraiyyə Komitəsinin sədri, 1923-1925-ci illərdə Lənkəran qəzasında maarif şöbəsinin müdiri işləmişdir. Həmin dövrdə Lənkəran qəzasına Biləsuvar, Cəlilabad, Lənkəran, Astara, Masallı, Yardımlı (Vərgədüz), Lerik (Zuvand) rayonları daxil idi. 1925-1926-cı illərdə Laçın, 1926-1928-ci illərdə Zaqatala, 1928-1929-cu illərdə Ağdam Qəza İcraiyyə Komitəsinin sədr müavini, təşkilat şöbəsinin müdiri, 1929-1930-cu illərdə Lənkəran rayon Pedaqoji Texnikumunun direktoru, 1931-ci ildə Astara rayonu İcraiyyə Komitəsinin sədri və deputatı olmuşdur. 1932-ci ildə Azərbaycan SSR Ali Sovetinə irəli çəkilmiş oradan 1932-1933-cü illərdə Ermənistan SSR Vedi rayon İcraiyyə Komitəsinin sədri göndərilmişdir. 1933-1934-cü illərdə Azərbaycan Xalq Maarifi Komissarlığında Ali məktəblər idarəsinin rəisi və 1934-1937-ci illərdə Azərnəşrdə “Azlıqda qalan xalqlar” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1938-ci il martın 15-də saxta ittihamla, heç bir maddə göstərilmədən Moskva Xüsusi İdarəsinin qərarı ilə “əksinqilabi dəstəylə əlaqəsi olduğuna görə” 5 il müddətinə həbs olunaraq Sibirə sürgün edilmişdir. Azadlığına bir il qalmış 1942-ci il iyunun 9-da Kemerov vilayətinin Marinsk şəhərində vəfat etmşdir. O, fədakarlıqla çalışdığı cəmiyyətdən layiqli qiymət almaq əvəzinə böyük haqsızlığın qurbanı olmuşdur. Uşaq yaşlarımızda olarkən “Lenin çəmə rəhbəre, bə dınyo bərobəre” misralarına görə tutulan bir şairin, dövlət xadiminin Zülfüqar Əhmədzadənin adını eşitdik. Sonradan məlum oldu ki, Stalinlər, Mircəfərlər, Yemilyanovlar, Mirzoyanlar Azərbaycanın milli kadrlarını məhv etdikləri kimi Zülfüqarıda tutdurublar. Sürgündə, Sibir çöllərində, Tayqada olarkən Vətənə xidmətini, sevgi və məhəbbətini yazdığı qəmli şerlərdə əks etdirmişdir. Ölümündən 14 il sonra 1956-cı ildə ona bəraət verilmişdir. Onun olmayan məzarı insanların qəlbindədir. Qısa və mənalı ömür yaşayan Zülfüqarın şeirlərindəki coşğuluq Pensəri əhatə edən uca dağlardan, çaylardan gəlirmiş. Cənub mirvarisi Astarada təbiətin gözəlliyindən ilhamlanan şeirlərində ülviyyəti, bu günlə səsləşən klassik ənənəni hiss edirsən. Hər kəs öz xalqının keçmişini unutmamalı, onu ucalara qaldırmalıdır. 29 oktyabr 1998-ci ildə Astara şəhər mədəniyyət sarayında Zülfüqar Əhmədzadənin 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Tədbirdə Astara rayon İcra Hakimiyyətinin başçısı İbrahim Quliyev, mərhumun qızları Mariyət və Tahirə xanım, nəvəsi Seymur Əhmədzadə, rayon ziyalıları iştirak etmişlər. İndi bizim əsas vəzifəmiz Zülfüqar Əhmədzadə irsində Vətən, torpaq sevgisini təbliğ etməli, onun kimi yüzlərlə həqiqət fədailərinin xatirəsini əziz tutmalı, onlar qarşısında olan borcumuzu layiqincə yerinə yetirməkdən ibarətdir.

Zülfüqar Əhmədzadənin ilk dəfə olaraq türkcə yazdığı iri həcmli “Arktika dastanı” poeması dövrünün ən məşhur türk şairlərinin əsərlərindən də yüksək qiymətləndirilmişdir. Zülfüqar Əhmədzodə (Pensəj) “Vıjniəbə əsəron”, “And”, “Gözəl Vətən”, Arif Fərzəlinin “Alın yazısı tarixdir” kitabı, Əhəd Muxtarın “Iştı həşi tojə pemə” (Sənin günəşin yenicə doğmuşdur) poeması, Aləm jurnalının 3 (14) 2018-ci il tarixli Zülfüqar Əhmədzadənin 120 illiyinə həsr edilmiş xüsusi nömrəsi, bu irsin araşdırıcısı, dosent Hilal Məmmədovun sosial şəbəkələrdə onunla bağlı çoxsaylı video müsahibələri, arxiv materialları, oğlu Əyyub və nəvəsi Seymurun xatirələrini oxumaq kifayətdir ki, bu böyük şəxsiyyət haqqında samballı məlumatlar əldə edəsən. Zülfüqar Əhmədzadənin ömür tarixçəsi ilə tanış olduqda bu dahi insanın təmizliyinə, nəcibliyinə, paklığına şahid olursan. Hazırda Astara rayonu, Pensər kənd 2 saylı tam orta məktəbi Zülfüqar Əhmədzadənin adını daşıyır. İnanıram ki, bu məktəb də Vətənini sevən Zülfüqarlar yetişdirəcək və gələcək nəsillərə örnək olacaqdır.

Yazını hazılayarkən ağır bir xəbər bizi sarsıtdı. Zülfüqar Əhmədzadənin Londonda yaşayan və adını daşıyan nəvəsi Zülfüqar Rüfət oğlu Əhmədzadə 9 noyabr 2024-cü il tarixində ömrünün 66-cı baharında dünyasını dəyişib.

Uca Allahdan Zülfüqar Əhmədzadəyə, onun həyat yoldaşları Hürü və Sona xanıma, oğlanları  Əyyub və Rüfətə, qızları Mariyət, Tahirə, Ramizə, Məlahət xanıma, nəvələri, Zülfüqara və I Qarabağ döyüşlərində itkin düşmüş, polis kapitanı Şahin Əyyub oğlu Əhmədova rəhmət diləyirik.

Bundan sonra da biz bu zəka sahibinin ideyalarını yaşatmalı və gələcək nəsillərə ötürməliyik. Gənclərimiz Zülfüqar Əhmədzadənin əsərlərində Vətən sevgisinin gərəkli olduğunu anlamalıdırlar. Onun ədəbi, ictimai-siyasi fəaliyyəti ziyalılar tərəfindən daha geniş surətdə araşdırılmalı və milli irsi təbliğ edilməlidir. Zülfüqar Əhmədzadənin unudulmaz xatirəsi hər zaman qəlbimizdədir. Bu fenomenal şəxsiyyət Azərbaycan və Talış xalqının parlaq simasıdır. Ümid edirəm ki, qələmə aldığım bu yazı Zülfüqar Əhmədzadə məktəbinin davamçılarına və onu sevənlər üçün böyük töhfə olacaqdır.

 

                                                                                                     

  Cəmil QULİYEV                                             

  AMEA Lənkəran Regional Elmi Mərkəzinin

  elmi katibi, AMEA-nın A.A.Bakıxanov adına                                      

 Tarix və Etnologiya İnstitutunun elmlər doktoru                           

proqramı üzrə dissertantı, tarix üzrə fəlsəfə doktoru

Bənzər yazılar