Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakütləsinin dekanı, dosent Elnurə Əzizova tərəfindən ali təhsil müəssisəsinin əməkdaşları üçün “Təlim nəticələrindən təhsil standartlarına: təhsildə keyfiyyət təminatı” mövzusunda seminar-təlim keçirilib.
Seminar-təlim 26-27 sentyabr 2024-cü il tarixlərində ADA Universiteti ilə Təhsildə Keyfiyyət Agentliyinin (TKTA) birgə təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı: konteksti, ölçüləri və perspektivləri” mövzusunda keçirilən ikigünlük simpozium-təlimdə müzakirə olunan məsələləri əhatə edib.
Elnurə Əzizova Avropanın ali təhsil məkanında mövcud olan keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG/Standards and Guidelines for Quality Assurance in the European Higher Education Area) sənədi haqqında məlumat verib. Həmçinin sözügedən sənəd çərçivəsində daxili keyfiyyət təminatı üzrə standartlar və təlimatlar barədə bəhs edib. Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə təsdiqlənmiş “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” kontekstində daxili keyfiyyət təminatı üçün qarşıya qoyulmuş tələblərdən danışıb.
Seminarda, həmçinin daxili keyfiyyat təminatının mühüm bir elementi kimi, fənn təlim nəticələrinin hazırlanması prosesinin təqdimatı və müzakirəsi interaktiv formada keçirilib. Təlimçi tərəfindən fənn təlim nəticələrinin məqsədi, tətbiq metodları və qiymətləndirmə meyarları barədə məlumat verilib. Seminarda iştirakçılar tərəfindən təkliflər səsləndirilib.
Qeyd edək ki, dosent Elnurə Əzizova TKTA-nın təşkil etdiyi “Daxili keyfiyyət təminatı mexanizmləri”, “Xarici keyfiyyət təminatı” və “ATM-lərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları”na dair təlimləri uğurla başa vurub, keyfiyyət təminatının qiymətləndirilməsi üzrə ekspert sertifikatları ilə təltif olunub.