Dərc olunub: 07.11.2024

Noyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Vətən müharibəsində qazandığımız şanlı zəfərin 4-cü ilinə həsr olunmuş “Vətən mənə oğul desə…” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Konfransda universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov konfrans iştirakçılarını qarşıdan gələn Zəfər Günü və Azərbaycan Bayrağı Günü münasibətilə təbrik edib və konfransın işinə uğurlar arzulayıb.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov “Vətən müharibəsində qələbəni şərtləndirən amillər” mövzusunda məruzə ilə çıxış edib. Prof A.Zamanov məruzəsində qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında erməni separatçılarının genişmiqyaslı təxribatlarına cavab olaraq cənab Prezident İlham Əliyevin irəli əmri ilə başlanan Vətən müharibəsi Ali Baş Komandanın misilsiz liderliyi və Azərbaycan Ordusunun dünyada misli görülməmiş qəhrəmanlığı sayəsində cəmi 44 gün ərzində işğal altında olan ərazilərimizin azad edilməsi ilə yekunlaşıb. Lakin bu 44 günlük qələbənin dərin tarixi kökləri var. Qarabağ münaqişəsinin kəskinləşdiyi və torpaqlarımızın itirildiyi bir dövrdə xalqın köməyinə yetişən Ulu Öndər Heydər Əliyevin ölkə rəhbəri seçilməsi və yürütdüyü müdrik siyasi xətt nəticəsində dövlətin qüdrətinin bərpa edilməsi, ordu quruculuğunun gücləndirilməsi məqsədilə atəşkəs sazişi imzalandı. Əsrin müqaviləsinin imzalanması ilə ölkənin iqtisadi inkişafı böyük həcmdə irəliləyiş əldə etdi və digər sahələr kimi hərbi sənaye də inkişaf etməyə başladı.

Prorektor diqqətə çatdırıb ki, Ulu Öndər siyasi xəttinin uğurlu davamçısı cənab Prezident İlham Əliyev 2003-cü il seçkilərində xalqın yüksək etimadını qazanaraq ölkə rəhbəri seçilərkən verdiyi bütün sözlərə sadiq qaldığı kimi, cəmi 17 il sonra Ali Baş Komandan kimi ölkənin ərazi bütövlüyünü bərpa etdi və itirilmiş vətən torpaqları geri qaytarıldı. 2023-cü ilin qısamüddətli lokal antiteror əməliyyatları ilə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması cəhdləri iflasa uğradıldı və dövlət suverenliyimiz tam bərpa edildi.

Konfransın gedişində ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev “Xalqımızın qəhrəmanlıq tarixi və Qarabağ müharibəsi”, Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov “Qarabağ müharibəsində qələbədə müəllimlərin rolu”, ADPU-nun Türkoloji Mərkəzinin Türk tarixi bölməsinin müdiri dosent Dəyanət Musayev isə “44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.

Biologiya fənninin tədrisi metodikası və metodologiyası ixtislaşmasının II tədris ilinin magistrantı Əfsanə Uluxanova M.Arazın “Vətən mənə oğul desə…”, Təlim və tədrisin təşkili və metodikası ixtisaslaşmasının I tədris ilinin magistrantı Elnarə Məmmədova isə B.Vahabzadənin “Bayraq” şeirini səsləndirib.

Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev tarixi Zəfərə həsr edilmiş konfransın təşkilatçılarına və məruzəçilərə təşəkkürünü bildirib, bütün konfrans iştirakçılarını qarşıdan gələn Zəfər Günü və Azərbaycan Bayrağı Günü münasibətilə təbrik edib. Prof. F.Rzayev Vətən müharibəsində ölkəmizin təkcə hərbi güclə deyil, ağıl və intellekt gücü ilə də düşmənə qalib gəldiyini qeyd edib, intellektual, savadlı və vətənpərvər gəncliyin yetişməsində müəllimlərin rolundan danışıb.

Sonda konfrans iştirakçısı olan  tələbə və müəllimlər Qarabağ Zəfəri və konfransın əhəmiyyəti barədə çıxışlar edib, təəssüratlarını bölüşüblər.

Bənzər yazılar