Dərc olunub: 06.11.2024

Yaşıl dünya naminə həmrəylik hərəkatı bəşəriyyətin  əsas problemlərindən birinə çevrilib. Bəşəriyyət hazırda ekotarazlığın pozulması faktoruna təsir edən amillərin aradan qaldırılması istiqamətində qlobal axtarışlara üz tutub. Bu yaxınlarda yaşıl dünya naminə həmrəylik  COP-29  tədbirinin Azərbaycanda keçirilməsi beynəlxalq səviyyəli addımdır və eyni zamanda respublikamızın iqtisadi və siyasi gücünə hesablanmış bir hadisədir. Ekoloji ekotarazlığın pozulmasının obyektiv və subyektiv faktorları mövcuddur. Obyektiv faktor olaraq təbii fəlakətləri, günəşdə parçalanmaları və s. göstərə bilərik. Subyektiv faktor olaraq insan amilini nəzərdə tuturuq. İnsan iştirakı ilə həyata keçirilən bir sıra faktorlar da ekoloji tarazlığın pozulmasına gətirib çıxaran amil kimi xarakterizə olunur. Buna misal olaraq dəniz sularında nüvə və atom sınaqlarının həyata kecirilməsi, kosmosda aparılan təcrübə sınaqları yerin üst qatında həyata kecirilən antiekoloji prosesləri göstərə bilərik. Kitabxana-informasiya fəaliyyətində cəmiyət subyektləri olan: oxucuların, eyni zamanda sənəd tələbatçılarının kompleks formada informasiya tələbatının ödənilməsi istiqamətində aparılan təbliğat işinin motivasiyası ekoloji böhranın yaranmamasına təsir göstərə bilər.

Məlumdur ki, Respublikada tipoloji modelə əsaslanan geniş kitabxana şəbəkəsi mövcuddur. Bu şəbəkədə ümumi götürüldükdə sənəd- informasiya dövriyyəsi, sənəd axınının sistemləşdirilib, paylanması prosesi icra olunur. Uşaq oxucularından yaşlı oxucularadək aparılan kitabxana-informasiya xidmətində ekoloji ədəbiyyatın təbliği önəm daşıyır. İndi ekoloji böhran digər qlobal problemlər ilə vəhdətdə çıxış edərək beynəlxalq həyata əhəmiyyətli dərəcədə təsir göstərir. Bəşəriyyətin gələcək mövcudluğunu ciddi təhlükə altına alır. Buna görə də akademik kitabxanaların sənəd-informasiya fondunun ekoloji ədəbiyyatla təminatı və təbliği ekotarazlığın pozulmasıının qarşısının alınmasını stimullaşdıran amil ola bilər. Çünki akademik kitabxanaların sənəd tələbatçıları daha çox peşə baxımından yüksək statusa malik olan insanlardır. Ona görə də müxtəlif tipli oxucuların ekoloji biliklərinin artırılması qismən də olsa ekotarazlığın pozulmasında insan amilinin   minimuma salınmasına təsir edə bilər. Qeyd etdiyimiz kimi ekoloji fəlakətə gətirib çıxaran amillərin subyektiv səbəbləri insan faktoru ilə bağlı olduğundan geniş oxucu tutumuna malik olan kitabxana-informasiya şəbəkələri bu prosesin önündə dayana bilər. Uşaq oxucularından tutmuş yaşlı əhaliyədək oxucu kontingenti təşkil edən kitabxana-informasiya tələbatçıları ekoloji ədəbiyyatdan mütaliə nəticəsində ekotarazlıqın pozulmasına qarşı əks mövqedə olurlar. Ona görə də ilk növbədə kitabxana şəbəkələrində təbliğat işini bu istiqamətə yönəltmək vacibdir.

Kitabxana-informasiya proseslərində ekoloji informasiya daşıyıcılarının dövriyyəsi və onun səmərəlilik meyarı bu sahə tələbatçılarının nəzəri biliklərinin ölçüsü ilə bağlıdır. Ekoloji ədəbiyyatın təbliği forması müxtəlif oxucların ekoloji biliklərə yiyələnməsinə stimul verir. Daha cox təsirə malik olan ənənəvi və elektron plakat və sərgilər ekoloji fəlakət yaradan meyllərin aradan qaldırılmasına stimul verir. Respublikanın akademik kitabxanalarının biliklər kompleksi ekoloji ədəbiyyatın idarə edilməsi və yayılması proseslərini əsasən təmin etmək üçün sənəd informasiya fondları optimallaşdırılmalıdır. Kitabxanaların tipologiyasına daxil olacaq kitabxanalar qədər formalaşan “Yaşıl kitabxanalar” beynəlxalq səviyyədə özünə yer alır. “Yaşıl kitabxanalar” ekomühütin formalaşmasına həmçinin ekotarazlıq prosesinin təminatını nəzərdə tutur. Ekologiyanın sənəd-informasiya təminatı kitabxana-informasiya fəaliyyətinin qabaqcıl iş təcrübəsinə  çevrilmişdir. Yaşıl dünya naminə həmrəylik marafonuna uyğun olaraq son vaxtlar Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsində “Yaşıl kitabxanalar” mövzusunda iki elmi seminar keçirilmişdir.

Beləliklə, bütün fəaliyyət sahələrinin informasiya təminatını həyata keçirən kitabxana-informasiya infrasrukturunun yaşıl dünya naminə ekoloji böhranın qarşısını ala biləcək təbliğat metodları  brend iş sisteminə çevrilməlidir.

 

Elçin Yusif oğlu Əhmədov

BDU-nun  İnformasiya və sənəd  menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

 

Bənzər yazılar