Dərc olunub: 06.11.2024

 

Dekabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu vəzifələrinin B növünə aid BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat noyabrın 20-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər üçün Bakıda 2500, Naxçıvanda 500 yer ayrılıb.

İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.

İmtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün Azərbaycanda bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Namizədlər qeydiyyatdan əvvəl təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikat 5 il qüvvədə olur. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Bənzər yazılar