Dərc olunub: 06.11.2024

Bakı Mühəndislik Universitetində  (BMU) Ümumi fənnlər kafedrası tərəfindən universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələr üçün 8 Noyabr-Zəfər Günü ilə bağlı xüsusi mühazirələr təşkil olunub.  Mühazirələrdə, həmçinin bu aya təsadüf edən 9 noyabr  Bayraq,  12 noyabr Konstitusiya, 17 noyabr Milli Dirçəliş günlərindən də bəhs edilib.

Mühazirələrdə kafedranın müdiri Hümeyrə Mustafayeva noyabr ayının müxtəlif tarixi proseslərlə zəngin olduğunu, həmin hadisələrin təqvimə bayram kimi düşdüyünü və xalqımızın yaddaşına əbədilik həkk edildiyini vurğulayaraq, həm Azərbaycanın müstəqillik dövrünün parlaq səhifələri, həm də Qarabağ və Şərqi Zəngəzurun  Ermənistan işğalından qurtarılması ilə xalqımızın tarixə yazdığı möhtəşəm Zəfər haqqında ətraflı məlumat verib. Bildirib ki, milli kimliyini dərk etmək, müstəqillik qazanmaq, milli bayrağa sahib olmaq,  öz qanunları ilə idarə olunan dövlət Konstitusiyasını yaratmaq, suverenliyini qorumaq, nəhayət işğal altındakı torpaqları azad etmək xalqımızın misilsiz nailiyyəti, əvəzsiz qazancıdır. H.Mustafayeva  yaxın tariximizin xronologiyasını xatırladaraq, Ulu öndər Heydər Əliyevin və  onun layiqli davamçısı Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın güclü bir dövlətə çevrildiyini xüsusi vurğulayıb. Bütün qələbələrdə eləcə də gəncliyin roluna diqqət çəkən kafedra müdiri onların vətənpərvərliyi, təəssübkeşliyi və cəsurluğunun qürurverici olduğunu deyib. Habelə tələbələri Azərbaycanın tarixini yaxşı bilməyə, onu təbliğ etməyə, ölkəmizi hər zaman sevməyə və xaricdə layiqincə tanıtmağa çağırıb.

Kafedranın professoru Abbas Seyidov və baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev isə mühazirələr zamanı tələbələrə xalqımızın milli dirçəlişi, müstəqillik aktının imzalanması, milli atrubutların, habelə yeni Konstitusiyanın qəbul edilməsi və nəhayət 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən ayrı-ayrılıqda qürurla bəhs ediblər. Qeyd olunub ki, tariximizin bu səhifələri bir-biri ilə sıx bağlılıq təşkil edir və siyasi, iqtisadi müstəqilliyimiz üçün çıxdığımız  bu yol çətin, məşəqqətli olsa da, sonu Zəfərlə bitib. Torpaqlarımızın azadlığa qovuşması, terrorçulardan təmizlənməsi ilə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası isə möhtəşəm Zəfərlərimizin daha təntənəli nidası oldu.

Mühazirələr tələbələr tərəfindən maraqla qarşılanıb.

Bənzər yazılar