Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Aqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi “Cod for Future” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin İnformatika müəllimliyi və Riyaziyyat və informatika müəllimliyi üzrə IV və V kurs tələbələri üçün Bakı Avropa Liseyinə ekskursiya təşkil edilib.
Ekskursiya zamanı ADPU tələbələri liseyin müasir tədris şəraiti, Bakı üzrə fəaliyyət göstərən Bakı Avropa Liseyi STEAM Mərkəzi, onlayn tədbir və video görüşlərin təşkili üçün nəzərdə tutulmuş konfrans zalı və kitabxana ilə tanış olublar.
Tələbələr liseydə tədris olunan “Rəqəmsal bacarıqlar” dərslərində iştirak edərək tədris prosesini müşahidə ediblər. Onlar dərs prosesi ərzində şagirdlərlə müzakirələr aparıb, fənnin tədrisinə dair praktik səriştələrə yiyələniblər.
Görüş zamanı Bakı Avropa Liseyinin rəqəmsal idarəetmə üzrə direktor müavini Rahilə Əliyarzadə tərəfindən tələbələrə “Texnologiyalar sahəsində qadınlara dəstək” İctimai Birliyi – “FEMMES DIGITALES” və “Azərbaycan Qadınları İT-də Mükafatları – AWITA” haqqında ətraflı məlumat verilib. Tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, “Code for Future” layihəsinin təşəbbüsü ilə təşkil olunan bu fəaliyyətlər, gələcək müəllimlərin müasir təhsil metodları ilə tanış olması və peşəkar tədris bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilir.