Dərc olunub: 05.11.2024

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Raqif İsrayılov “Məktəbdə…” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü paytaxtdakı 205 nömrəli tam orta məktəbdə keçirilib.

Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Zəfər Gününün növbəti ildönümü ərəfəsində baş tutan görüş Azərbaycan oğullarının Qarabağda yazdığı tarix barədə müharibənin canlı şahidinin xatirələri, şagirdlərin maraqlı sualları üzərində qurulub. Səmimi ünsiyyət şəraitində keçən görüşdə R.İsrayılov Ali Baş Komandanın verdiyi döyüş əmrindən, 30 ildir hər bir azərbaycanlının həsrətlə gözlədiyi bu qərardan sonra  həm ön, həm də arxa cəbhədə insanların birliyindən, göstərilən qəhrəmanlıqlardan, Vətən Müharibəsi ilə bağlı yaddaşından silinməyən hadisələrdən bəhs edib.

“Vətən qəhrəmanları sinif otaqlarında yetişir”- deyən R.İsrayılov şagirdlərin həqiqi vətənpərvər, əsil vətəndaş olaraq yetişməsində məktəbin, müəllimlərin rolundan, bu məsələdə gənclərin üzərinə düşən vəzifələrdən söz açıb. Qəhrəman hərbçi hər bir azərbaycanlı üçün Zəfərin daşıdığı önəmdən, millət üçün birliyin, həmrəyliyin vacibliyindən danışıb, şagirdləri düşündürən sualları cavablandırıb.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və “Kaspi.az” saytıdır.

Qeyd edək ki, “Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Bənzər yazılar