Dərc olunub: 05.11.2024

Azərbaycan təhsilinin düşdüyü böhran davam edir və ən ciddi məsələ repetitorluqla bağlıdır.

Mövzu ilə əlaqədar təhsil üzrə ekspert Nadir İsrafilova müraciət etdik. Nadir müəllim böyük həvəslə KONKRET.az-ın sullarını cavablandırıb.

– Nadir müəllim, əgər dövlətin rəsmi fəaliyyət sahəsi hesab edilən məktəblər varsa,  repetitorlar və  əlavə hazırlıq kurslarları nəyə lazımdır?

– Bir məsələ barədə nə qədər deyilər, yazılar? Sanki, özümüz deyirik, özümüz eşidirik. Artıq repetitorluq təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti dərindən maraqlandıran, düşündürən və eyni zamanda, birmənalı qarşılanmayan bir problemə çevrilib. Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləmə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir, hətta məktəbəqədər təhsil də daxil olmaqla, özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanır.

Burada  mürəkkəblik və ziddiyyət ondan ibarətdir ki, bu qeyri-rəsmi fəaliyyət sahəsinin tərəfdarları və əleyhdarları sanki sözləşiblər.  Repetitorluğu “təhsilimizin bəlası”, “zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandıranlar da var, bu fəaliyyət növünə “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi” kimi baxanlar da.  Məsələnin ciddiliyi bir də ondadır ki, mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq xidmətinin göstərilməsinə məhduddiyyət nəzərdə tutulmayıb.

Yəni insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdur. Lakin, bu şərtlə ki, qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edildiyində və repetitorluqla məşğul olan şəxs sahibkarlıq fəaliyyətinə başlandığı günə qədər yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Lakin nüfuzundan və reklamından asılı olaraq şagirdin hansı repetitorun yanına getməsini, vəd olunan hazırlığın nə qədər müddətə başa çatacağını və digər məsələləri araşdırsaq, bunun valideyinə hansı məbləğə başa gələcəyini müəyyənləşdirmək o qədər də çətin deyil.

-Bu gün  repetitorluğa haqq qazndıranlar daha çoxdur. Sizcə, səbəb nədir?

Əgər nazirin, “məktəblər təhsil vermir və biz bunu bilirik… bəzi müəllimlərin şagird qarşısına çıxması günahdır” kimi açıqlamalarında müəyyən həqiqət olsa belə, bu repetitorluğa bəraət qazandırmaq deyildisə, bəs onda bunun başqa adı nədir?  Elə isə bu qeyri-rəsmi fəaliyyət sahəsini leqallaşdırıb, illərlə davam edən müzakirə və mübahisələrə niyə son qoymuruq? Əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünək!?

Bir neçə il öncə, Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt etmişdi. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilməsi bildirilirdi. Qərara əsasən, Təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilərdi. Bu ideya da elə digər ideyalar kimi kağız üzərinə qaldı. Baxmayaraq ki, “Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na Azərbaycanda ümumi təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmələri, dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərin bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilməsi barədə müddəalar salınmışdı”.

– Nadir müəllim, əgər ümumtəhsil məktəbində təhsil alanı lazımi biliklərə məktəbin təhsilverəni yiyələndirmirsə bəs onda məktəbin, müəllimin funksiyasına nə daxildir? Ümumiyyətlə, götürdükdə repetitorluq nə deməkdir?

– Bilməyən varsa, bilsin ki, təhsilimizdə ciddi fəsadlarla müşayət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən bu əcnəbı ifadə latıncadan tərcümədə sadəcə olaraq “təkrarlayıcı”, “təkrar edən” anlamına gəlir. Əgər bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmın məktəbin müəllimi tərəfındən də yerinə yetirilə bilərdi.

Bu halda həm məktəb, həm müəllim, həm də şagird və valideyn qazanardı. Şagird əlavə hazırlıq üçün, artıq məsafə qət etməyib, öz məktəbində, öz müəllimləri ilə məşğul olardı. Bir məkandan digər məkana gediş-gəlişlərə son qoyulardı. Dərsdən yayınma halları nəzərə çarpacaq dərəcədə azalardı. Valideynin öz övladının məktəbdə olması barəsində arxayınçılığı tam təmin olunar, onun etdiyi ödənişi kənar mənbəələrə deyil, məhz müəllimin, təhsil aldığı məktəbin ehtiyaclarına hesablanardı. Bununla da müəllim-şagird-valideyn münasibətləri tənzimlənər. Repetitorluğun leqallaşdırılması nəticəsində habelə aşkarlıq və şəffaflıq prinsiplərinin işlək mexanizmləri yaradılmış olar. Ən başlıcası isə uzun müddətdən bəri mübahisə və polemika obyekti olan bu taleyüklü məsələyə nöqtə qoyulmasa belə, prosesin daha da təkmilləşdirilməsi istiqamətində yeni və daha optimal təkliflərin hazırlanmasına zəmin yaranar.

– Bəs çıxış yolunu nədə görürsünüz?

– Hələ ki, dilemma qarşısında qalmışıq: “Hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər”, “təhsil sistemi ən öndə olan ölkələrdə də repetitor fəaliyyətindən istifadə edilir”, “Repetitorluğun qayəsini ali məktəbə hazırlıq təşkil edir”,“Biz əgər mərkəzləşmiş imtahan ediriksə, repetitorluq üçün hər zaman münbit şərait olacaq”, “Repetitor ali təhsil müəssisələrinə qəbul üçün lazımdır”, “Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər”, “Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək” və s. və i.a. kimi bəyanatlar verilir. Məsələ burasındadır ki, repetitorluğa rəvac verən əsas səbəblərdən yan keçirik. Məktəbin müəllimdəm, müəllimin şagirddən ayrı düşməsi prosesi isə davam edir. “Nəyə görə rəsmi fəaliyyət sahiblərinin işini qeyri-rəsmi fəaliyyətlə məşğul olanlar görməlidirlər” sualı isə hələ ki, sual altında olaraq qalır”.

– Nadir müəllim, maraqlı müsahibə üçün təşəkkür edirik, çox sağ olun.

Vəli Həsənoğlu,

Bənzər yazılar