Dərc olunub: 05.11.2024

Pedaqoji Universitetdə “Zəfərnamə” təqdim edildi – şəhid tələbə və məzunların ailələri ilə görüş keşirilib.

 

Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  ADPU-nun 44 günlük Vətən müharibəsində şəhid olmuş tələbə və məzunlarının bir qisminin ailə üzvləriylə görüş keçirilib.

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, eləcə də Pedaqoji Universitetin tələbə və məzunu olan Vətən müharibəsi şəhidləri Firdovsi Tahirov, Əli Ələsov, Tural Dəmirçiyev, Ceyhun Nüsrətli, Elgün Əzizov və Elvin Zakirovun yaxınları iştirak ediblər.

Prof. Cəfər Cəfərov şəhid ailələrini salamlayaraq dəvəti qəbul edərək görüşdə iştirak etdikləri üçün təşəkkürünü bildirib. Vətənin ərazi bütövlüyünün təmin edilməsi və dövlət suverenliyinin bərpası yolunda canlarından keçmiş şəhidlərimizin ruhuna ehtiramını ifadə edən rektor, qarşıdan gələn Zəfər Günü münasibətilə onları təbrik edib. C.Cəfərov bu mühüm tarixi qələbinin memarları olan, canları bahasına bizi Qarabağa qovuşduran qəhrəmanlar yetişdirən valideynləri, onların ailə üzvlərini Pedaqoji Universitetdə görməkdən böyük fəxarət və məmnunluq duyduğunu bildirib. Şəhidlərimizin 30 ildən artıq müddətdə həsrətini çəkdiyimiz doğma torpaqlara qovuşmağımızda misillsiz xidmətlərini vurğulayan prof. C.Cəfərov bildirib ki, bu tarixi Zəfər məhz xalqımızın bu cür mərd övladlarından ibarət Müzəffər Ordunun və onun Müzəffər Ali Baş Komandanın birliyinin nəticəsidir.

Rektor diqqətə çatdırıb ki, Pedaqoji Universitetin yüzlərlə tələbə və məzunu da Vətən müharibəsində aktiv şəkildə iştirak edib, 18 nəfər tələbə və məzunu qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Qeyd edilib ki. Universitet tərəfindən şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Universitetin əsas tədris binasının  II və III mərtəbələrində şəhidlərin xatirə guşələri yaradılıb, “Pedaqoji Universitetin Qəhrəmanları” ensiklopedik toplusunda şəhidlərə aid bölməyə geniş yer ayırılıb.

Daha sonra öz təəssüratlarını bölüşən şəhidlərin ailə üzvləri qəhrəman oğullarımızın keçdikləri şərəfli həyat və ömür yolundan söz açıb, öz xatirələrini bölüşüblər.

Görüşdə, həmçinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyevin müəllifi olduğu və yeni çapdan çıxmış “Zəfərnamə (ADPU-nun qəhrəmanları)” kitabı ilk olaraq şəhid ailələrinə təqdim edilib.

Qeyd edək ki, əsər “Pedaqoji Universitetin Qəhrəmanları” ensiklopedik toplusu əsasında hazırlanmış təkmil və yığcam nəşrdir. Kitabda müxtəlif dövrlərdə ADPU-nun, onun filialları və tərkibindəki Pedaqoji Kollecin tələbə və məzunları olmuş, habelə universitetə rəhbərlik etmiş ümumilikdə 60 nəfərədək şəxs haqqında məlumat təqdim edilir. Onlardan 8 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı (4 nəfəri Sovet İttifaqı Qəhrəmanı, 4 nəfəri ADPU-nun rektoru (onların 2-i həm də ADPU-nun məzunudur)), 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 1 nəfəri “Zəfər” Ordeni ilə, 4 nəfəri “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmiş, 29 nəfəri (onlardan 7 nəfəri ADPK-nın tələbə və məzunlarıdır) Birinci Qarabağ müharibəsi şəhidi, 18 nəfəri (onlardan 2 nəfəri Şamaxı filialının, 2 nəfəri Ağcabədi filialının, 5 nəfəri ADPK-nın tələbə və məzunlarıdır) Vətən müharibəsi şəhididir.

“Zəfərnamə” əsəri “İkinci Dünya müharibəsi iştirakçıları. Sovet İttifaqı Qəhrəmanları”, “İkinci Dünya müharibəsi iştirakçıları. Döyüşən rektorlarımız”, “Azərbaycanın Milli Qəhrəmanları”, ““Zəfər” Ordeni ilə təltif edilənlər”, “Məzun sərkərdələrimiz – generallar”, ““Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilənlər”, “Birinci Qarabağ müharibəsi şəhidləri” və “Vətən müharibəsi şəhidləri kimi 8 məntiqi ardıcıl bölməyə ayrılır. “Vətən müharibəsi şəhidləri”  bölməsində 44 günlük müharibədə şəhid olmuş ADPU-nun tələbə və məzunları haqqında müfəssəl məlumatlar yer alır.

 

Bənzər yazılar