Məlumdur ki, pedaqoji-psixoloji xidmətin məqsədi – uşaqların və məktəblilərin hərtərəfli pedaqoji-psixoloji inkişafı, vəziyyəti isə – məktəbəqədər və məktəb dövründəki bütün yaş mərhələlərində psixi, şəxsi, o cümlədən fərdi inkişafa kömək etməkdir Çünki “müasir dünyamızın inkişaf dinamikasına xas olan bu məntiq yalnız təhsil müstəvisində böyük uğurlarla nəticələnir”.
Bu məqsəd və vəzifələrə nail olmaq, yəni uşağın hər bir yaş mərhələsini hərtərəfli hiss etməsi və yaşaması, entogenizin müəyyən mərhələsinə uyğun gələn psixi, şəxsi və fərdi inkişaf imkanlarını realizə etməsi üçün ən mühüm şərt məktəbdə əlverişli psixo-pedaqoji şəraitin yaradılmasıdır. Bu baxımdan, uşağın və məktəblinin fərdiliyinə diqqət yetirmək də hər bir müəllim üçün çox önəmlidir. Belə ki, şəxsiyyətin formalaşmasında onun fərdi xüsusiyyətlərinin inkişaf etdirilməsinin vacibliyi, təlim-tərbiyə prosesinin məzmunlu təşkili və hər bir uşağa fərdi yanaşmanın həyata keçirilməsi ilə bilavasitə əlaqədardır.
Təlim və tərbiyəyə fərdi yanaşma heç də o demək deyildir ki, uşaq digər uşaqlardan kənarda, ayrılıqda, fərdi şəkildə təlim-tərbiyə almalıdır. Bu, hər bir şagirdin fərdi – pedaqoji-psixoloji xüsusiyyətlərinin, onun şəxsiyyətinin formalaşmasına təsir göstərən spesifik şəraitin peşəkar şəkildə öyrənilməsi və elmi cəhətdən əsaslandırılması deməkdir. Fərdilik dedikdə, şəxsiyyəti digərlərindən fərqləndirən xüsusiyyətlər nəzərdə tutulur. Eyni məqsədlər, proqramlar, təlim və tərbiyə üsullarına baxmayaraq, bütün şagirdlərdə fərdi xüsusiyyətlər, fərdi özünəməxsusluq görürük. Zaman keçdikcə, insanın təlim və tərbiyə təcrübəsi artdıqca, onun fərdi xüsusiyyətləri daha parlaq, daha məqsədli, daha əhəmiyyətli olur. “Təcrübə göstərir ki, uşaqların fərdi xüsusiyyətlərini hərtərəfli öyrənmək tərbiyəçinin (müəllimin əlində) kompas rolunu oynayır”. Hər bir şagirdin anlaq səviyyəsinə, fərdi pedaqoji-psixoloji xüsusiyyətlərinə müvafiq olaraqdan izah edilməlidir ki, hər bir şagird dərsdə öyrəndiklərinin məzmununu anlasın. “Şagird dərindən anlayaraq, əsaslı şəkildə düşünərək öyrəndikdə həmin materialı bir o qədər düzgün və möhkəm yadda saxlayır. Pedaqoji-psixoloji tədqiqatlar göstərmişdir ki, mənanı anlamadan, başa düşmədən materialı mexaniki öyrənmək üçün çox vaxt tələb olunur, bu cür öyrənilən material, mənası öyrənilən materialdan tez unudulur”.
Öyrətməkdə, tərbiyələndirməkdə, pedaqoji-psixoloji inkişafa nail olmaqda şagirdlərin fərdi pedaqoji-psixoloji xüsusiyyətlərini bilməyin faydası xeyli böyükdür. Professor Sultan Səlim Axundovun bu görüşdə gəldiyi qənaət çox maraqlıdır. Axundov yazır ki, material şagirdlərin anlaq səviyyəsinə, fərdi psixoloji xüsusiyyətlərinə müvafiq şəkildə izah olunarsa onda tədrisin faydası, dəyəri də qənaətbəxş olar. Düşündürməkdə hamını eyni ülgüyə salmaq düzgün olmaz, bu heç mümkün də deyil. Azərbaycan məktəb və pedaqoji fikir tarixinin qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rolu olan Nəriman Nərimanovun da fikirləri təqdirəlayiqdir. Nəriman Nərimanov İohan Henrix Pestalotsinin yaradıcılıq irsinə istinad edərək bildirir ki, “hər uşağın özünə görə bir qeyri xasiyyəti, təbiəti olmasına binaən hamıya bir qayda və bir qanunla dərs vermək, hamıya bir dillə bəyan etmək olmaz, hamını bir “ölçü ilə ölçmək” olmaz: Uşaqların bir parası zehinli, bir parası zehinsiz, fəhmsiz, bir parasınnın hafizəsi qüvvətli, bir parası naqis, bir parası müdhiş hekayələr sevən, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaqlara məhəb-bəti olan müəllim bunların hamısını mülahizə edər, hər kəsin öz bildiyinə, qanacağına görə hərəkət edərsə, hər kəsin eybinə görə çarə ararsa, əlbəttə, təlim və tərbiyə düz yol ilə gedib tərəqqiyi-əla dərəcəyə çatar”.
Müəllim müxtəlif fərdi psixoloji fərqlərə malik şagirdləri şəxsiyyət kimi formalaşdırmaq üçün çoxçalarlı pedaqoji ünsiyyətlilik keyfiyyətləri özündə cəmləşdirməlidir. Bu gün ümumtəhsil məktəblərində Nəriman Nərimanovun fikir və ideyalarını bir az da təkmilləşdirsək belə deyə bilərik:
- Uşağa görüləcək işin məqsədi, hansı istiqamətdə qurulması, icrası izah olunarsa;
- İşin təşkili vasitələri, hərəkət qaydaları göstərilərsə;
- Görüləcək iş uşaqlar tərəfindən şifahi və ya əyani təsvir olunarsa, onun bütün elementləri nitqdə öz əksini taparsa;
- İşin icrasında fərdi iş üslubu müəyyən olunarsa, ona inkişafedirici təsir vasitələri seçilərsə;
- Uşağın seçilmiş işə münasibəti müəyyənləşdirilərsə, o zaman Y.A.Komenskinin sözləri ilə ifadə etsək bu olar “qızıl qayda”.
Deməli, işin həm məzmunu, həm də metodiki formaları uşaqların gücünə uyğun olduqda, onlar çox maraq və həvəslə işləyərlər: belə ki, bu halda onlar öz güclərinə əmin olurlar, bu da daha artıq müvəffəqiyyət əldə etmək üçün onlara enerji və arzu verir.
Ancaq bu o demək deyil ki, dərs zamanı uşaqlar üçün heç bir çətinlik qalmır, artıq uşağa heç bir çətinliyi aradan götürmək lazım gəlmir. Yaxşı müəllim şagirdi maniədən maniəyə aparır, lakin o, uşaqların aradan götürə biləcəyi çətinliyi onların qarşısına qoyur, hər dəfə uşaqları onlar üçün mümkün olan yüksəkliyə qaldırır, bu yüksəklikdən uşaqlar artıq aşağı enmirlər, burada artıq bir qorxu içində qalmırlar, bu maniələri aradan götürməklə daha artıq maraqlanır, həvəslənirlər.
Uşaqlara həddindən artıq tanış olan, yaş üçün həddindən artıq sadə olan material verilirsə, belə material onların nə ağlına, nə də hissinə heç bir qida vermir, işə bir yenilik, canlılıq daxil etmirlər. Bu da işi uşaqlar üçün sıxıntılı bir halda qoyur, bu halda uşaqların işə artıq həvəsi olmur.
Müəllim, yalnız müəyyən yaşda olan uşaqların xüsusiyyətini bilməklə kifayətlənməməlidir.
Müəllimin rəhbərliyi bütün sinifin üzərində olmalı, eyni zamanda o, ayrı-ayrı hər şagirdin bilik vəziyyəti, işdəki bacarığı, əxlaqı onun gözünün önündə olmalıdır. Şagirdi tanımaq – əlbəttə yalnız işdə onun nöqsanlarını görmək deyildir, şagirdi tanımaq – onun əxlaqındakı xarakter cəhətlərini anlamaq, müvəffəqiyyətini yaxşılaşdırmağa, aktivliyini yüksəltməyə şagirdi həvəsləndirmək üçün nədən başlamaq lazım olduğunu hiss etməkdir.
Şagirdin bu kimi xarakter xüsusiyyətini anlamaq bacarığı, uşağa dərin sevgi üzərində əsaslanmış bu dəqiqlik, hər bir həqiqi pedaqoqun, hər bir həqiqi tərbiyəçi-müəllimin çox qüvvətli sandığı cəhətdir.
UŞAQDA HƏYAT TƏRZİ, YENİ TƏLƏBATLARIN YARANMASI
Uşağın həyat tərzi ilə bu həyat tərzini qabaqlayan imkanlar arasındakı ziddiyyət yeni tələbatların yaranmasına gətirib çıxarır və yeni fəaliyyət səbəbi yaranır. Bununla əlaqədar olaraq fəaliyyətin özü də dəyişikliyə məruz qalır, uşağın psixi həyatında yeni inkişaf mərhələsinə keçid baş verir.
Zaman keçir, uşaq böyüyür, onun ünsiyyət dairəsi genişlənir. Bu zaman “Uşaq gözəlliyi görəndə və duyanda onun şüurunda tükənməz fantaziya, yaradıcılıq, canlı fikir bulaqları açılır”. Uşaq istəyir ki, onu başqaları da başa düşsün. Uşağın nə isə demək, izah etmək arzusu ilə bunu bacarmaması arasında ziddiyyət yaranır. Uşağın nitqinin inkişaf etməsi ilə bu ziddiyyət aradan qalxır.
Başqa bir misal: yeniyetmə böyüklərin həyatında iştirak etmək istəyir. Lakin o, bu tələbatını həyata keçirə bilmir. Belə bir güclü faktorun təsiri altında yeniyetmənin özünə, ətraf aləmə, onu əhatə edən insanlara – böyüklərə və yaşdaşlarına qarşı münasibəti dəyişir. O böyüyür. Ziddiyyətlər isə həmişə daha yüksək psixi inkişaf səviyyəsinin formalaşması ilə nəticələnir.
Təmin olunmuş tələbatlar yenilərini doğurur, təmin olunmamış tələbatlar isə inkişafı ləngidir, yeni tələbatlar doğurmur, daha mürəkkəb fəaliyyəti əsaslandırmır.
Göründüyü kimi, şagirdlər fərqli, müxtəlif və bənzərsizdirlər. Böyüklərdə olduğu kimi şagirdlərin da öz aləmi, öz sirli dünyası var. Deməli, “psixi qüvvələri məşq etdirməklə diqqətin yanaşmasının, təsəvvürün pərakəndəliyini, qeyri ixtiyari fəallıq hallarının qarşısını almaq asanlaşır”. Şagirdlərin daxili aləminə yol sevgi, məhəbbət, hörmət, qayğı qapısından keçir. Uşaqlar çox təmiz varlıqlardır.
ALINAN NƏTİCƏLƏR
- Təlimin təşkili zamanı şagirdlərin fərdi və yaş xüsusiyyətləri nəzərə alınmalıdır;
- Şagirdlərin bilik və bacarıqlarının necəliyinə, habelə psixoloji inkişafının dərəcəsinə diqqət yetirilməlidir;
- Müəllim şagirdlərin mövcud bilik və bacarıq səviyyələrini dərs zamanı üzə çıxarmalı, onların hafizə xüsusiyyətlərinə, düşünmə tərzlərinə əhəmiyyət verməlidir;
- Müəllim yeni tədris mövzusunun başa düşülməsini asanlaşdırmaq üçün yeni mövzu ilə ondan əvvəlki mövzu arasında körpü yaratmalıdır. Yaratmazsa müəllimin yeni mövzu üzərində söylədiyi fikirlər şagirdlər üçün zülmət görünəcəkdir;
- Müəllim hər bir vəchlə şagirdlərin mühakimə yürütmələrinə qayğı göstərməlidir;
- Müəllimin şagirdlərə izah etdiyi hər bir material onların ağlının, hissinin qida mənbəyinə çevrilməlidir;
- Müəllim şagirdlərə sevgi, hörmət, inama hissi ilə yanaşmalıdır. Belə olduqda şagird də müəllimə sevgi ilə, hörmət ilə cavab verməyi bacaracaqdır.
Kamal Həsən oğlu Camalov
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqogika elmləri doktoru, professor
Azərbaycan Respublikasının Əməkdar müəllimi
kamal.camalov@gmail.com