Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 2024/2025-ci tədris ili üçün növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Elmi Şuranın sədri, Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov ötən Elmi Şuradan sonrakı dövrdə elmi ad almış universitet əməkdaşları, – filologiya üzrə fəlsəfə doktoru Yeganə Qasımova, kimya üzrə fəlsəfə doktoru Kəmalə İsgəndərova, aqrar elmlər üzrə fəlsəfə doktoru Fazil Cəfərov, tarix üzrə fəlsəfə doktoru Habil Həsənov, pedaqogika üzrə fəlsəfə doktoru Könül Mahmudova, pedaqogika üzrə fəlsəfə doktoru Maya Qasımova və pedaqogika üzrə fəlsəfə doktoru Umhani Məmmədovaya dosent attestatlarını təqdim edib. O cümlədən, universitetdə uzun illər elmi-pedaqoji fəaliyyətinə görə Fəlsəfə və sosial elmlər kafedrasının dosenti Telman Haqverdiyev və Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının baş müəllimi Zaman Məmmədov təşəkkürnamə ilə təltif edilib.
Rektor Cəfər Cəfərov ötən dövr ərzində universitetin sturukturları tərəfindən icra edilmiş layihələr, həyata keçirilən tədbirlər və universitet əməkdaşlarının işgüzar səfərlərinin nəticələri barədə məlumat verib. Qeyd edilib ki, bu müddət ərzində universitet bir sıra beynəlxalq konfranslar və böyük tədbirlərə ev sahibliyi edib, İstanbul Universiteti və Moskva Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb, Moskva Dövlət Pedaqoji Universiteti və Polşanın Rzeszow Universitetinin nümayəndələri ADPU-da olublar.
Rektor diqqətə çatdırıb ki, COP29-la bağlı universitetdə təşkil edilən silsilə tədbirlər cari müddətdə də uğurla davam etdirilib. Tələbə təşkilatları tərəfindən bu və digər istiqamətlərdə çoxsaylı layihə və tədbirlər həyata keçirilib.
Daha sonra Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov ADPU-nun institusional akkreditasiyasının nəticəsi olaraq Akkreditasiya Komissiyasının Yekun Hesabatında verdiyi tövsiyə və göstərişlərin icrasına dair Fəaliyyət planının həyata keçirilməsi vəziyyəti barədə məruzə ilə çıxış edib. Q.Şərifov bildirib ki, Fəaliyyət planına əsasən son 6 ayda görülən işlərlə bağlı Keyfiyyətin Təminatı şöbəsinin əməkdaşları tərəfindən müvafiq şöbələrdə monitorinqlər aparılıb və nəticələr təhlil edilib. Strateji İnkişaf, keyfiyyət təminatı, təlim və tədris, elmi tədqiqat, idarəetmə sistemi, infrasturuktur, beynəlmiləlləşmə istiqamətləri üzrə tövsiyyələrin icra vəziyyəti barədə məlumatlar Şura üzvlərinə təqdim edilib.
Eyni zamanda, dos. Qalib Şərifov ADPU-nun İnklüziv təhsil siyasəti sənədinin təsdiqi barədə arayış təqdim edib.
Çıxış edən elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov elmi dərəcəsi olmayan mütəxəssislərin SABAH magistratura səviyyəsində dərs aparmasına icazə verilməsi, elmi rəhbərlərin dəyişdirilməsi, professor və dosent elmi adlarının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması barədə, Tədris departamentinin direktoru dosent Sənan Əliyev 2025/2026-cı tədris ili üçün tələbə qəbulu üzrə proqnoz yerlərinin layihəsinin təsdiqi barədə məruzə ilə çıxış ediblər.
Rektorun müşaviri Ümid Mehdiyev “ADPU-da Lütfi Zadə adına adlı təqaüdün verilməsi Qaydaları”nın təsdiqi, şəhid və qazi ailə üzvü olan tələbələrin təhsil krediti borclarının silinməsi barədə Maliyyə komissiyasının təkliflərini irəli sürüb. Təklif səs çoxluğu ilə qəbul edilib.
Sonda səsverməyə çıxarılan məsələrin nəticələrinə aid hesablama komisiyasının hesabatı təqdim edilib.