Dərc olunub: 05.11.2024

Noyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya texnologiya fakültəsinin “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının təşkilatçılığı ilə qida təhlükəsizliyi ilə bağlı qida məhsullarının sərgisi keçirilib.

“Nəzəriyyədən təcrübəyə-2024” adlı sərgidə “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrdən ibarət 10 komandanın hazırladığı müxtəlif çeşiddə qida məhsulları təqdim edilib.

Sərgidə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov universitetdə artıq 2-ci dəfə qida sərgisinin keçirilməsində kafedranın təşəbbüsünü yüksək qiymətləndirib və “Qida mühəndisliyi” ixtisasında tədrisin təcrübə ilə vəhdətinin tələbələr üçün xüsusi önəmini qeyd edib.

“Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirli belə sərgilərin tələbələrin ixtisasını dərindən mənimsəməsində və qida təhlükəsizliyi ilə bağlı məlumatlılıqlarının artırılmasında mühüm rol oynadığını deyib.

Sonra sərgiyə baxış keçirilib, iştirakçılar komandalarla və onların hazırladıqları qida məhsulları ilə tanış olublar.

Sərgi çərçivəsində rektor əvəzi, dosent Vazeh Əskərov kafedranın əməkdaşlıq etdiyi müəssisələrin rəhbərləri və əməkdaşları ilə görüşüb.  Görüşdə tələbələrin müəssisələrdə təcrübəyə cəlb olunması, həmçinin şirkətlərlə əməkdaşlıq oluna biləcək istiqamətlər və digər bu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər yazılar