Dərc olunub: 04.11.2024

Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) rektoru professor
Gülçöhrə Məmmədova Qazaxıstana işgüzar səfəri çərçivəsində “QS Ali Təhsil
Pre-sammiti: Asiya Sakit Okean 2024” də iştirak edib. Əl-Fərabi adına Qazax Milli
Universitetində təşkil olunan bu tədbir dünyanın ən nüfuzlu reytinq təşkilatlarından
biri olan “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə keçirilib.

Azərbaycanın Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi, 8 aparıcı ali
təhsil müəssisəsinin rəhbərləri və nümayəndə heyətinin qatıldığı pre-sammitin
rəsmi açılış hissəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazaxıstanın elm və ali
təhsil naziri və “QS” Beynəlxalq Reytinq Agentliyinin rəhbərliyi də iştirak edib.
Sammitdə Azərbaycanın elm və ali təhsil sahəsində mövcud vəziyyəti və Mərkəzi
Asiya ölkələri ilə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sammit zamanı professor Gülçöhrə Məmmədova Əl-Fərabi adına Qazax Milli
Universitetinin rektoru professor Janseit Tuymebayevlə işgüzar görüş keçirib,
akademik əməkdaşlığın gücləndirilməsi məqsədi ilə müqavilə imzalayıb.
Səfər çərçivəsində AzMİU-nun rektoru Qazaxıstanın bir neçə nüfuzlu ali təhsil
müəssisələrində görüşlər keçirib. Görüşlərdə tərəflər, təhsil elmi
əməkdaşlığın genişləndirilməsi, akademik mübadilə, birgə tədqiqatlar
istiqamətində bir sıra konkret təşəbbüsləri müzakirə ediblər.

İşgüzar səfərin birinci günü professor Gülçöhrə Məmmədova Qazaxıstanın
Satbayev Universiteti və Beynəlxalq Təhsil Korporasiyasında olub və ali təhsil
müəssisələrinin rektorları ilə görüşüb. Görüşlərdə akademik mübadilə, birgə
tədqiqatlar və ikili diplom proqramları kimi sahələrdə əməkdaşlıq əlaqələrinin
gücləndirilməsi mövzusunda müzakirələr aparıb.

Rektor professor Gülçöhrə Məmmədovanın Beynəlxalq Təhsil Korporasiyasının
rektoru professor Marqarita İmandosova ilə görüşü zamanı əməkdaşlıq müqaviləsi
də imzalanıb. Müqavilədə hər iki universitet arasında əlaqələrin yaradılması,
müştərək konfrans və simpoziumların keçirilməsi, birgə proqram və layihələr
üzərində işlənilməsini nəzərdə tutulub.

Qeyd edək ki, sammitdə rektor professor Gülçöhrə Məmmədovanı AzMİU-nun
Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, rektorun köməkçisi Araz
Əhmədov, Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, şöbənin
əməkdaşı Cəmilə Səfərova, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi
Kənan Həsənov müşayiət edib.

Bənzər yazılar