Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsində Azərbaycan-Türkiyə milli mədəniyyəti və mətbəxi festivalı keçirilib.
Festivalda əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və türk şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ADAU-nun rektoru Zəfər Qurbanov Azərbaycan və Türkiyə arasındakı tarixi və mədəni əlaqələrin əhəmiyyətindən danışaraq, milli dəyərlərin hər iki xalqın mövcudluğunun ayrılmaz bir hissəsi olduğunu və bu dəyərlərin ümumi mədəni irsimizdə özünəməxsus iz qoyduğunu qeyd edib. Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” sözlərinə istinad edən rektor iki ölkə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətlərini xüsusi vurğulayıb.
Çıxış edən Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop iki ölkə arasındakı tarixi və mədəni əlaqələrin inkişafından məmnun olduğunu bildirərək, belə tədbirlərin gənclər arasında birliyin gücləndirilməsinə mühüm töhfə verdiyini deyib.
“Agro Food Investments” MMC-nin rəhbəri Vahid Novruzov çıxış edərək, Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq və investisiya imkanlarının genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova da belə festivalların gənclərə milli dəyərlərin aşılanmasında və Azərbaycan-Türkiyə əlaqələrinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını qeyd edib.
Festival milli musiqilər, rəqslər, şeirlər və hər iki xalqın milli mətbəx nümunələrinin nümayişi ilə davam edib.