Dərc olunub: 02.11.2024

2024/2025-ci tədris ilində birinci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 685 baldan yuxarı nəticə göstərərək Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsis etdiyi məqsədli “Elm və texnologiya” təqaüdünə layiq görülmüş bir qrup tələbə ilə görüş keçirilib.

Mektebgushesi.az xəbər verir ki, görüş 1 noyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub. Görüşdən əvvəl tələbələr DİM-də yaradılmış muzeylə tanış olublar və onlara Mərkəzin nəşr etdiyi “İnformatika” (tələbələr, bakalavrlar və magistraturaya hazırlaşanlar üçün) vəsaiti hədiyyə edilib.

Tədbirdə Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavini  Kənan Kərimzadə, Mərkəzin İdarə Heyətinin sədr müavini Namiq Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ETN-nin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman iştirak ediblər. Tələbələrın qarşısında çıxış edən rəsmilər onları təqaüd almaq münasibətilə təbrik edərək bundan sonra da təhsildə yüksək nailiyyətlər əldə etməyi arzulayıblar. Çıxışlar zamanı bildirilib ki, cari tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə birinci ixtisas qrupu üzrə (xüsusilə informasiya texnologiyaları və mühəndislik ixtisaslarına) yüksək nəticə göstərərək  daxil olmuş tələbələrin sayı digər ixtisas qruplarına nisbətdə üstünlük təşkil edib.

“Elm və texnologiya” təqaüdü Dördüncü Sənaye İnqilabı dövründə ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət daşıyan bu sahədə yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılmasını stimullaşdırmaq məqsədilə müvafiq ixtisaslara qəbul olmuş gənclərə dövlət tərəfindən göstərilən qayğı və dəstəyin təzahürüdür.

Sonda görüş iştirakçıları və tələbələr xatirə şəkli çəkdiriblər.

 

Bənzər yazılar