Dərc olunub: 01.11.2024

Naxçıvanda 6 təhsil müəssisəsinə və Naxçıvan Qızlar Liseyinə yeni  direktorlar təyin olunub.

Bu barədə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi şagird  sayı 150-dək olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün keçirilən müsahibə mərhələsində  uğur qazanan namizədlər ümumtəhsil məktəblərinə direktor təyin olunub.

Müsabiqənin sənəd qəbulu mərhələsində  13 vakant vəzifə üçün 48 namizəd müraciət etmiş,  həmin namizdlərdən 43-ü  müsahibə mərhələsində iştirak etmişdir. Müsahibə zamanı 8 ümumi təhsil müəssisəsi üzrə yekun orta balı 3 və daha yüksək olan 8 namizəd keçid balını toplamış hesab olunmuşdur. Uğur qazanan namizədlərdən 6-sı- Şərur rayon Muğancıq Mehrab,  Babək rayon Yuxarı Buzqov,  Ordubad rayon Nürgüt,   Çənnəb,  Culfa rayon Milax,  Qazançı kənd tam orta məktəblərinə direktor vəzifəsinə təyin olunmuşdur. Həmçinin  Nazirliyə birbaşa tabe ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə işə qəbul prosesi rəğbətləndirmə prinsiplərinə uyğun olaraq həyata keçirilmiş və Naxçıvan Qızlar Liseyində vakant olan direktor vəzifəsinə təyinat aparılmışdır.

Qeyd edək ki, 16 noyabr 2024-cü il tarixində isə   Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500 olan ümumtəhsil müəssisələrində vakant direktor vəzifəsi üzrə keçirilmiş test mərhələsində uğur qazanan namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

Bənzər yazılar