Dərc olunub: 01.11.2024
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları, –  Təlim-Tədris Mərkəzinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova, Ümumi coğrafiya fakültəsinin dosenti Mətanət Əsgərova, Fəlsəfə və sosial elmlər kafedrasının dosenti Nigar Qəhrəmanova, Xarici Dillər Mərkəzinin müəllimi Jalə Səmədova və Biologiya və onun tədrisi texnologiyası kafedrasın müəllimi Şəhla Abdullayeva ABŞ-nin Corc Vaşinqton Universitetində (CVU) işgüzar səfərdə olublar.
Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, Amerika ali təhsilində tətbiq olunan müxtəlif tədris və təlim metodologiyaları ilə tanışlıq üçün nəzərdə tutulmuş strukturlaşdırılmış proqramla məşğul olmaq məqsədi daşıyan səfər Vaşinqton şəhərində yerləşən CVU-nun professor-müəllim heyəti ilə görüşlə başlanıb. Görüş çərçivəsində ABŞ təhsil təcrübəsi, dayanıqlı inkişaf və onun təhsilə inteqrasiyası, yeni tədris metodlarının və modellərinin tətbiqi, tədris prosesinin bəzi nümunələri, biliyin qiymətləndirilməsində müxtəlif metodlardan istifadə, təhsil standartlarının rolu və onun əsas prinsipləri, təhsilin inkişaf etdirilməsində yeni strategiyalar kimi mövzular ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.
5 gün davam edən səfər zamanı əməkdaşlar doktor Kolin Qrin, prof. Maykl Foyer, Maria Çes, və Sevinc Məmmədova kimi aparıcı mütəxəssislər tərəfindən keçilən müxtəlif mövzuda təlimlərdə iştirak ediblər.
Həmçinin səfər iştirakçıları universitetdə yaradılmış infrastruktur və tədris şəraiti ilə yaxından tanış olub, dərs prosesində iştirak edərək ABŞ mütəxəssislərinin tədris texnologiyaları və pedaqoji yanaşmaları ilə praktik olaraq tanış olublar.
Səfərin nəticəsi kimi Pedaqoji Universitetdə  tələbələrin öyrənmə prosesinə daha aktiv cəlbi üçün praktik otaqların təşkili, Təhsildə Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisə inteqrasiyasına daha çox diqqət yetirilməsi, fəal təlim metodları ilə işin təşkilinin genişləndirilməsi, qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi kimi məsələlərdə Corc Vaşinqton Universitetinin təcrübəsindən istifadənin faydalı ola biləcəyi müəyyən edilib.
 

Bənzər yazılar