Dərc olunub: 31.10.2024

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən  “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər cari tədris ilində davam edir.

BŞTİ-nin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ilk dərsdə millət vəkilləri Sadiq Qurbanov və Kəmaləddin Qafarov, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev, BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Binəqədi Rayon Təşkilatının sədri V.İsmayılov qonaqları salamlayıb, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.

BŞTİ-nin müdir müavini H.Əsgərov “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanması işinə xidmət etdiyini diqqətə çatdırıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili S.Qurbanov “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycanın yaşıl inkişaf yolu: Heydər Əliyevin ekoloji baxışı” mövzusunda məruzə ilə çıxış edib.

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Q.Ağayev dahi şəxsiyyətin nüfuzu, onun nəsillərə nümunə olan həyat və fəaliyyəti, ekologiyaya göstərdiyi diqqət və qayğı, həmçinin Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar barədə danışıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini S.Süleymanova Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib.

Daha sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dərslər 2024-2025-ci tədris ilinin sonuna kimi paytaxt üzrə davam edəcək.

Bənzər yazılar