Oktyabrın 30-da Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumu keçirilib.
Nazirlikdən bildirilib ki, bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizdə keçiriləcək mötəbər tədbir olan COP29 ilə əlaqədar olaraq Ekoloji Forum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq prosesinə töhfə vermək, gənclərin iqlim dəyişikliyi ilə mübarizədə aktiv iştirakını təşviq etmək, eyni zamanda, uşaq və gənclərdə ekoloji şüuru formalaşdırmaq, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə onların bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilib.
Forumun rəsmi açılışında elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva və COP29 Azərbaycanın İqlim üzrə gənclər çempionu Leyla Həsənova çıxışlarında iqlim dəyişikliyi ilə mübarizədə və ətraf mühitin mühafizəsi istiqamətində məktəblilər arasında məlumatlılığın artırılması üçün ekoloji forum kimi tədbirlərin təşkil olunmasının önəmli olduğunu vurğulayıblar.
Rəsmi hissənin yekununda COP29 Təşkilat Komitəsinin üzvü, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə və ekoklub üzvlərinin iştirakı ilə Ekoloji Forumun Bəyannaməsi qəbul edilib və COP29 Azərbaycanın İqlim üzrə gənclər çempionu Leyla Həsənovaya təqdim olunub.
Tədbir COP29-da müzakirə olunan mövzular və qərar qəbuletmə prosesləri ilə tanış olmaq, müxtəlif ölkələrin nümayəndələri rolunda çıxış edərək iqlim dəyişikliyi ilə mübarizə strategiyalarını işləyib hazırlamaq imkanı verib, həmçinin bu təcrübə iştirakçıların diplomatik bacarıqlarını, kritik təfəkkürünü və komanda işində fəaliyyət göstərmə qabiliyyətini inkişaf etdirməyə xidmət edir.
Tədbirdə qonaq qismində UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini Ana Dautovic, UNICEF-in Azərbaycan nümayəndəliyinin Təhsil proqramının rəhbəri Leyla Həsənova, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyindən Alessandra Rokkasalvo, FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbər müavini Bariz Mehdiyev, UNDP Azərbaycanın layihə rəhbəri Zaur Əliyev, Nargis Nəşriyyat Evi, WWF Azərbaycan nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri və COP29 Təşkilat Komitəsinin üzvləri iştirak ediblər.
Tədbirin davamı olaraq Forum iştirakçıları üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi, Tusi-Bohm Planetarium, COP29 Məlumat Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Milli Xalça Muzeyi, Bakı Zooloji Parkı və Palçıq Vulkanları Turizm Kompleksi kimi məkanlarda paralel sessiyalar, interaktiv seminarlar və işçi qrupları təşkil edilib.
Forumda “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində fəaliyyət göstərən 300-dən çox ekoklub üzvü iştirak edib.