Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Gənclər Fondunun “Rəqəmsal layihələr” adlı qrant müsabiqəsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tələbələr üçün təşkil olunan tədbirdə çıxış edən universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışaraq, dövlət tərəfindən təşkil olunan müxtəlif tədbirlərin, habelə belə müsabiqələrin çağdaş nəslin inkişafına, vətənpərvərlik ruhunda tərbiyəsinə, gələcək üçün peşəkar kadr kimi yetişməsinə xidmət etdiyini bildirib. Prorektor vurğulayıb ki, rəqəmsal mövzular müasir dünyada xüsusi aktuallıq kəsb edir və innovativ, yaradıcı layihələrdə iştirak hər bir gəncin gələcək karyerasında uğurlu bir başlanğıca çevrilir. BMU-da fəaliyyət göstərən gənclər təşkilatları haqda da danışan Bayram Hüseynzadə gəncləri belə müsabiqələrdə aktiv olmağa çağırıb.
Sonra Gənclər Fondunun əməkdaşı Bənövşə Qasımova müsabiqə haqqında geniş təqdimatla çıxış edib. Bildirib ki, gənclərin innovativ təşəbbüslərini dəstəkləmək və onların rəqəmsal məzmun yaratma qabiliyyətlərini inkişaf etdirmək məqsədilə keçirilən müsabiqəyə 18-29 yaş aralığında olan gənclər müraciət edə bilərlər. Layihələr rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə innovativ həllər, eləcə də kreativ maarifləndirici, məlumatlandırıcı, o cümlədən əyləncəli rəqəmsal məzmun istiqamətləri üzrə hazırlanmalı və 3 ay müddətində həyata keçirilməlidir.
Tədbir zamanı tələbələrə rəqəmsal ideyalarını gerçəkləşdirmək üçün istifadə etməli olduqları əsas yanaşma və texnoloji həllər tövsiyə edilib, eləcə də layihələrin unikal yanaşma, nəzərdə tutulan büdcə əsasında həyata keçirilməsi mümkünlüyü, texnoloji uyğunluq, reallaşdırılma potensialı kimi meyarlar əsasında seçiləcəyi diqqətə çatdırılıb. Əlavə olunub ki, fərdi layihələr 5000, yerli təşkilat layihələri 10000, beynəlxalq təşkilat layihələri isə 15000 AZN məbləğində dəyərləndiriləcək.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.