“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun təşkilati dəstəyi və təşəbbüsü ilə “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinə yazıların qəbulu davam edir.
Bu barədə Mektebgushesi.az “Azərbaycan müəllimi”-nə istinadən xəbər verir.
Müsabiqənin işçi qrupuna ünvanladığımız sorğuların nəticəsinə əsasən bildirilib ki, bugünədək müsabiqəyə təhsilin müxtəlif pillələrində çalışan müəllimlər tərəfindən diqqətçəkən yazılar daxil olmaqdadır. Əsasən mühakimə xarakterli yazılara üstünlük verilib. Digər tərəfdən müsabiqə mövzusunun adı təqdim olunan esselərin əksəriyyətinin başlığı kimi götürülüb. Əksər esselərdə müəllim şəxsiyyəti, müəllimlik peşəsi haqqında görkəmli alimlərin, pedaqoqların fikirləri sadalanır, müəllifinin şəxsi mülahizələrinə yer verilmir.
Müəllimlərimizdən xahiş olunur ki, esselərin məzmununu müasir müəllimin vəzifələri, şəxsi təcrübədən irəli gələn məqamlar, həqiqi həyat hekayələri üzərində qursunlar. Azərbaycan müəlliminin istər tədris prosesində, istərsə də ictimai həyatda qarşılaşdığı problemlər, onların həlli üsulları barədə ədəbi dilin bədii, elmi və ya publisistik üslublarından biri üzrə esselərə üstünlük verilməsi məqsədəuyğun hesab olunur.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin mükafat fondu 10 000 (on min) manat dəyərindədir və esselərin qəbulu edibinevi@gmail.com elektron poçt ünvanı vasitəsilə 1 dekabr 2024-cü il tarixinədək davam edəcək.