Dərc olunub: 30.10.2024

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Balakhani Operating Company” və “Surakhani Oil” şirkətlərinin  dəstəyi ilə təşkil edilən iqlim dəyişikliyi ilə bağlı maarifləndirici seminar keçirilib.

Seminar gündəmdə duran mövzu ilə bağlı çağırışları və imkanları nəzərdən keçirib, iqlim dəyişikliyinə dair qlobal siyasətin formalaşmasında Azərbaycanın bu il ev sahibliyi edəcəyi beynəlxalq konfransın rolunu vurğulayıb.

Universitetin akt zalında keçirilən seminarın moderatoru elm və innovasiyalar üzrə prorektor professor Nigar Aslanova olub.

Prorektor seminarı açıq elan edərək söyləyib ki, seminar universitetdə COP29-la bağlı keçirilən silsilə seminarlardan biridir.  Burada yer alan məruzələr iqlim dəyişikliyi istiqamətində gəncləri maarifləndirməklə yanaşı, onları dünyanın diqqət mərkəzində olan problemə qarşı birgə fəaliyyət göstərməyə yönəldəcək.

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının professoru İslam Mustafayev isə iqlim dəyişikliyi ilə mübarizədə fərdlərin və qurumların üzərinə düşən məsuliyyətlərdən danışıb.

COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova bildirib ki, COP29 konfransından əvvəl Bakıda baş tutacaq COY19 (Gənclər Konfransı) ölkəmizə dünyanın müxtəlif ölkələrindən 400-dən çox gənc cəlb edəcək və beləliklə, onlar iqlim dəyişiklikləri ilə bağlı vahid səs formalaşdıracaqlar.

Seminarda geniş məruzə ilə çıxış edən BMTİP-in Ətraf Mühit Layihələrinin sabiq rəhbəri, hazırda  “Balakhani Operating Company” və “Surakhani Oil” şirkətlərinin müşaviri Çingiz Məmmədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədləri və bu Konvensiyaya qoşulmuş dövlətlərin öhdəliklərini izah edib. Xüsusilə, Azərbaycanın hədəfləri üzərində dayanan ekspert neft hasilatı ilə məşğul olan əməliyyat şirkətlərinin istixana qazlarının azaldılmasına yönəlmiş səmərəli tədbirləri, o cümlədən torpaqların yaşıllaşdırılması, tullantılardan təmizlənməsi, rekultivasiyası, çirklənmiş gölməçələrin qurudulması və lay suların zərərsizləşdirilməsinin verdiyi müsbət töhfələrdən danışıb.

Digər əsas məruzəçi, AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov isə “Müasir binalarda enerji resursları” mövzusunda çıxış edərək, müasir tikililərdə enerjinin səmərəli idarə edilməsinin iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım olduğunu vurğulayıb. O, qeyd edib ki, Bakıda enerji idarəetmə qaydalarına tam uyğun binalar tikildikdə, şəhərin enerji təchizatı sistemi daha az yüklənər. Professor əlavə edib ki, enerji səmərəliliyi yalnız inşaatçılar, kommunikasiya mühəndisləri deyil, şəhərsalma mütəxəssisləri, memarlar qarşısında da ciddi tələbələr qoyur.

Açıq və interaktiv müzakirə formatında keçirilən seminarda AzMİU tələbələri və müəllim heyəti iqlim dəyişikliyi mövzusunda elm və sənaye dairələrinin nümayəndələrinə praktiki suallarını ünvanlayıb, mövzu ilə bağlı ətraflı cavablar alıblar.

 

Bənzər yazılar