Dərc olunub: 30.10.2024

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar oktyabr ərzində “Məktəblərdə ekologiya ayı” layihəsi həyata keçirilib. Layihə çərçivəsində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi mövzusunda “Dəyirmi masa” və debatlar təşkil edilib, “Ətraf mühitimizi qoruyaq” adlı maarifləndirici tamaşalar nümayiş olunub, ağacəkmə aksiyaları keçirilib.

Layihə çərçivəsində məktəblərdə ekoloji guşələr yaradılıb, ekologiyanın qorunmasına dair maarifləndirici videoçarxlar hazırlanıb.

Bundan başqa, yaşıl enerjidən istifadənin artırılması, iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə mövzusunda inşa müsabiqəsi və seminarlar, şagirdlər arasında “Təbiətdən incəsənətə” mövzusunda əl işlərindən ibarət müsabiqə keçirilib, fləşmoblar hazırlanıb.

Tədbirlərdə dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən bəhs edilib, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyəti şagirdlərin diqqətinə çatdırlıb. Həmçinin cari ildə ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətindəki səmərəli fəaliyyətinin təqdir olunması kimi qiymətləndirildiyi vurğulanıb.

Bənzər yazılar