Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın aparıcı universitetlərinin, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə işgüzar səfərdə olublar. Səfərdə ADNSU-nu Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, professor Araz Əliyev və Beynəlxalq layihələr üzrə menecer Orxan Nəbiyev təmsil ediblər.
Səfər çərçivəsində ADNSU-nun nümayəndələri M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Dövlət Neft və Qaz Universiteti, Sankt-Peterburq Politexnik Universiteti, İTMO Universiteti və Sankt-Peterburq Dövlət Sənaye Texnologiyaları və Dizayn Universitetində görüşlər keçiriblər. Görüşlərdə QS reytinqlərində əməkdaşlıq, İT, kimya texnologiyaları və alternativ enerji sahələrində birgə elmi tədqiqatlar, müəllim-tələbə mübadiləsi imkanları və digər bu kimi məsələlər müzakirə olunub.