8 Noyabr-Zəfər Günü ərəfəsində Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Şuşa və Xankəndidə olub. Səfərdə universitetin rəhbər heyəti, tələbə təşkilatlarının fəalları, şəhid ailəsinin üzvü olan tələbələr iştirak ediblər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun Ermənistanın işğalından qurtardığı dogma torpaqlarımızı ziyarət etmək, aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olmaq məqsədi daşıyan səfər Ağdam Cümə məscidindən başlayıb. BMU əməkdaşları qısa müddətdə bərpa olunmuş tarixi ibadət ocağını, həmçinin Ağdam Şəhidlər xiyabanını ziyarət edib, Qarabağı əsl sahibinə qaytaran qəhrəman şəhidlərimizə Allahdan rəhmət oxuyub, qazilərimizə cansağlığı diləyiblər.
Ağdam şəhərində quruculuq işlərinin gedişatı ilə tanış olan BMU kollektivi, eyni zamanda Əsgəran Qalasına baş çəkib, Xocalı şəhərində həyata keçirilən quruculuq işlərini izləyiblər.
Sonra Xankəndi şəhərində səfər iştirakçıları üçün gəzinti təşkil edilib, azadlığı ilə dövlət suverenliyimizi başa çatdıran bu tarixi Azərbaycan torpağının relyefi, inzibati və tarixi binaları haqqında məlumatlar ziyarətçilərə təqdim olunub. BMU nümayəndə heyəti Xankəndidə Dövlət Suverenliyi Günündə fəaliyyətə başlayan Qarabağ Universitetinə də baş çəkib, müasir bilik və bacarıqlara malik kadrlar yetişdirməklə ölkəmizin inkişafına böyük töhfələr verəcək bu ali təhsil ocağının kampusu, auditoriyaları, tədris üçün yaradılan hərtərəfli şəraitlə tanış olublar.
BMU əməkdaşları daha sonra Şuşa şəhərinə gəlib, burada Cıdır düzü, eləcə də bərpadan sonra istifadəyə verilən Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Güllələnmiş Büstlər kompleksi, şəhəri simvolizə edən məhşur Şuşa Qalası və İsa bulağını ziyarət ediblər.
Qeyd edək ki, səfər universitetin Həmkarlar İttifaqı və Tələbə Həmkarlar İttifaqı komitələrinin birgə təşkilatçılığı ilə həyata keçirilib.