Dərc olunub: 28.10.2024

Bakı Avrasiya Universitetində (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə filologiya elmləri doktoru, professor Həcər Hüseynovanın “Dialektologiya” dərs vəsaitinin təqdimatı keçirilib. Universitetin konfrans zalında keçirilən tədbirdə BAAU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar iştirak ediblər.

BAAU-nun Elmi Şurasının 2023-cü il 19 dekabr tarixli müvafiq protokoluna əsasən nəşr olunan vəsait Azərbaycan dialektlərinin tədqiqi tarixinə dair geniş məlumatları özündə cəmləyir. Kitabda müxtəlif dialektoloqların dilimizin şivələri ilə bağlı təsnifat fikirləri təqdim edilmiş, həmçinin həmin təsnifatlara dair mülahizələr bildirilmişdir. Vəsaitdə Müasir Azərbaycan dilinin müxtəlif dialektlərinə aid mətn nümunələri də verilib ki, bu da dilçilər və tədqiqatçılar üçün əvəzsiz bir resursdur.

“Dialektologiya” dərs vəsaiti ali və orta məktəb müəllimləri, tədqiqatçılar və mövzu ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Vəsaitdə mövzuların möhkəmləndirilməsi məqsədilə ümumi çalışmalar və test tapşırıqları da əlavə olunub, bu da onu dərs prosesində istifadəyə daha uyğun edir.

Təqdimat mərasimində prof. H. Hüseynova göstərilən diqqətə və təqdimat üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və kitabın ərsəyə gəlməsində universitetin müəllim heyətinin böyük töhfəsini vurğulayıb. Tədbirin sonunda professora BAAU-nun elmi mühitinin inkişafında göstərdiyi səmərəli fəaliyyətinə görə təltif edilib.

Bənzər yazılar