Oktyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə “Söz və sənətin ustadı” adlı görüş keçirilib. Görüşün qonağı Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, “Şöhrət” ordeni laureatı Nurəddin Mehdixanlı olub.
Xalq artisti N.Mehdixanlı tələbələrə səhnə fəaliyyətindən, yaratdığı obrazlar, sənət yolunda qarşılaşdığı çətinliklər haqqında danışıb, gəncləri öz peşələrini sevməyə və qarşılarına çıxacaq maneələrə baxmayaraq, məqsədlərinə doğru əzmlə, qətiyyətlə irəliləməyə çağırıb. Tələbələrə xalqımızın milli-mənəvi dəyərlərindən, qadına göstərilən münasibət və ailə bağlarından bəhs edərək gəncləri milli dəyərlərə sadiq, vətənpərvər vətəndaşlar kimi görmək arzusunu dilə gətirib.
Görüşün davamında tələbələr N.Mehdixanlının müəllifi olduğu şeir və yazılardan nümunələr səsləndiriblər.
Gənclərin böyük marağına səbəb olan görüş tələbələrin sənətkara ünvanladığı suallar ətrafında səmimi müzakirələrlə yadda qalıb.