Dərc olunub: 25.10.2024

Oktyabrın 24-də Mingəçevir Dövlət Universitetində “Məişət zorakılığına qarşı hamılıqla mübarizə aparaq” mövzusunda elmi-praktiki seminar keçirilib. Bu tədbir, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil olunub. Seminarda Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elşən Əliyev, həmin şöbənin baş məsləhətçisi Səbirə Yusifli, MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev, universitetin hüquqşünası Polad Atayev, şəhər Polis şöbəsinin İTB-nin rəisi, polis mayoru Rasim Mahmudov və ruhi-əsəb dispanserinin baş həkimi Şəmsinur Hüseynova iştirak edib.

Seminarın əsas məqsədi məişət zorakılığı ilə mübarizə yollarını müzakirə etmək, xüsusilə yeniyetmə və gənclərin zorakılığa məruz qalmaması üçün cəmiyyətin birgə səylərini artırmaq və bu istiqamətdə təbliğat işlərini gücləndirmək olub. İştirakçılar yeniyetmə və gənclərin zorakılıqdan qorunması, pis vərdişlərdən uzaq tutulması və onların əxlaqi dəyərlər əsasında tərbiyə olunması ilə bağlı görülən işlər haqqında geniş məlumat veriblər. Onlar eyni zamanda, maarifləndirici tədbirlərin və görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Şəhərin ümumtəhsil məktəblərində, ali və orta ixtisas məktəblərində bu mövzuda maarifləndirici tədbirlərin keçirilməsi gənclərin və uşaqların məişət zorakılığı ilə üzləşməməsi üçün vacib hesab olunub.

Seminarda diqqət mərkəzində olan məsələlərdən biri də, valideyn və müəllimlər arasında məişət zorakılığının qarşısının alınması barədə geniş məlumatlandırma aparılması olub. İştirakçılar məişət zorakılığının təkcə fərdi deyil, ailə və cəmiyyət üçün böyük bir təhlükə olduğunu və bu məsələnin həllində valideynlərin, təhsil müəssisələrinin və digər dövlət qurumlarının birgə işinin önəmli olduğunu bildiriblər. Bu kimi görüşlərin məqsədi yalnız gəncləri və uşaqları zorakılıqdan qorumaq deyil, həm də onların təhsil və fiziki sağlamlığını təmin etmək, gələcəkdə ləyaqətli, vətənpərvər və əxlaqlı bir cəmiyyətin formalaşdırılmasına töhfə vermək olub.

Tədbir diskussiya formatında davam etdi və iştirakçılar qarşıda duran vəzifələr və görüləcək işlər barədə fikir mübadiləsi aparıblar. Yeniyetmə oğlan və qızlarla davamlı görüşlərin təşkil olunmasının onların düzgün tərbiyə və inkişafına müsbət təsir göstərəcəyi, onların gələcək həyatında uğur qazanmaları üçün vacib olduğu vurğulanıb. Tədbir zamanı gənclərlə aparılan dialoqlar onların məişət zorakılığına qarşı mübarizə tədbirlərinə münasibətini öyrənmək və bu sahədə gələcək fəaliyyətləri planlaşdırmaq üçün əhəmiyyətli bir addım kimi dəyərləndirilib.

Tədbirin sonunda Mingəçevir Dövlət Universitetinin tələbələri tərəfindən hazırlanmış, məişət zorakılığına qarşı mübarizənin vacibliyini əks etdirən videoçarx nümayiş olunub. Bu videoçarx vasitəsilə tələbələr, cəmiyyətdə məişət zorakılığının fəsadlarını və qarşısının alınması üçün nələrin vacib olduğunu ifadə edərək mövzuya dair öz töhfələrini veriblər.

Bənzər yazılar