İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.
Tədbirdə çıxış edən Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli Füzulinin anadilli poeziyamızın başında duranlardan biri olduğunu söyləyib, onun türk xalqının dilinə yeni nəfəs gətirdiyini, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltdiyini vurğulayıb. Bildirib ki, Məhəmməd Füzuli poeziyasının dili və üslubu öz zənginliyini, istiqamətini, inkişaf xəttini, orijinallığını xalq dilinə bağlılığı ilə əldə edib. Ədibin poeziyası ədəbi mədəniyyətin ən mükəmməl nümunəsidir.
O, böyük mütəfəkkirin dilimiz qarşısındakı tarixi xidmətlərindən bəhs edərək vurğulayıb ki, Füzuli bu gün də bizim müasirimizdir və şairin irsi xüsusən müstəqil dövlətçiliyimizdə yeni məna kəsb edir.
Akademik diqqətə çatdırıb ki, Füzuli öz anadilli əsərləri ilə Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi adını tarixə əbədilik həkk edib.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında Məhəmməd Füzulinin eşq fəlsəfəsindən və onun əsas mahiyyətindən danışıb. Bildirib ki, Füzuli yaradıcılığı ümumilikdə bir eşq poeziyasıdır. Sənətkarın bədii irsinin mühüm qismini məhəbbət mövzusunda əsərlər təşkil edir.
Professor Nadir Məmmədli Füzuli irsinin Azərbaycan xalqının əvəzоlunmaz mənəvi sərvəti olduğunu söyləyib, şairin həcmcə ən böyük əsəri olan “Hədiqətüs-süəda”dan (“Хоşbəхtlər bağçası”) bəhs edib. O, “Hədiqətüs-süəda”nın ədibin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi kimi səciyyəvi əsər olduğunu bildirib.
Ulu Öndər Heydər Əliyevin Məhəmməd Füzuli irsinin təbliği ilə bağlı gördüyü tarixi işlərdən danışan alim dahi liderin İraqda böyük bir heyətlə birgə Füzulinin qəbrini ziyarət etdiyini, şairin 500 illik yubileyinin Azərbaycanda yüksək səviyyədə qeyd olunduğunu xatırladıb.
Professor Nadir Məmmədli, həmçinin dil tarixçilərinin Füzuli yaradıcılığı ilə bağlı müxtəlif fikirlər yazdığını deyərək, Ə.Dəmirçizadənin əbədiyaşar söz sənətkarı haqqında fikirlərini xatırladıb. Bildirib ki, Dəmirçizadə Məhəmməd Füzulini güclü söz duyumu olan həssas şair kimi xarakterizə edib.
Daha sonra professor Sayalı Sadıqovanın “Məhəmməd Füzuli əsərlərinin terminoloji leksikası” mövzusunda məruzəsi dinlənilib. Məruzəçinin sözlərinə görə, şairin yaradıcılığında müxtəlif elm sahələri, o cümlədən ədəbiyyatla bağlı yüzlərlə termin işlənib və həmin terminlərin müəyyən qismi semantik zənginliyi ilə diqqəti cəlb edir. Füzuli öz dövrünün ümumxalq Azərbaycan dilindən məharətlə istifadə edib.
Tədbirdə Məhəmməd Füzuli yaradıcılığında konsept problemi, şairin anadilli qəzəllərinin dili, onun əsərlərində bədii ifadə vasitələri, başlıqların semantik, funksional və üslubi xüsusiyyətləri haqqında məruzələr dinlənilib.