Dərc olunub: 25.10.2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə universitet və Agentlik arasındakı əməkdaşlığın mövcud durumu və yeni imkanlar barədə müzakirələr aparılıb.

Rektor Ədalət Muradov UNEC məzunlarının məşğulluğu, iş dünyası ilə əməkdaşlıq, UNEC2B platforması, qeyri-akademik transkript və s. barədə məlumat verərək, bu istiqamətdə görülmüş işlər və qarşıda duran hədəflərdən danışıb.

DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyev məzun olduğu universitetdə olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, Agentliyin qarşısında duran vəzifələrdən biri məhz təhsil müəssisələri ilə düzgün əməkdaşlığın formalaşdırılmasıdır. UNEC məzunlarının öz bilik və bacarıqları ilə əmək bazarında layiqli yer tutduqlarını diqqətə çatdıran sədr, qarşılıqlı əməkdaşlığın məzunların məşğulluğunun təmin olunmasına yeni töhfələr verəcəyini vurğulayıb.

Görüş zamanı tərəflər arasında universitetlərdə Karyera Mərkəzinin işinin müasir tələblər səviyyəsində qurulması, karyera yarmarkalarının əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sertifikat təqdim edən təsisatların akkreditasiyası və tanınması, eləcə də yumşaq bacarıqların formalaşdırılması istiqamətində birgə fəaliyyət imkanları müzakirə olunub. Əməkdaşlığın effektivliyinin artırılması məqsədilə İşçi Qrupunun yaradılması qərara alınıb. Sonda Agentliyin nümayəndələri UNEC-in Karyera Mərkəzi ilə tanış olublar.

Bənzər yazılar