Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar Şərqşünaslıq fakültəsinin “Uğur yolu” adlı tədbiri keçirilib.
Bu barədə universitetdən məlumat verilib.
Tədbirdə çıxış edən rektor Elçin Babayev Şərqşünaslıq fakültəsi BDU-nun ən qocaman fakültələrindən biri olduğunu, burada görkəmli alimlərin vaxtilə tədris apardığını deyib.
“Bu gün də fakültədə kifayət qədər tanınmış alimlər, professorlar yüksəkixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edirlər. Şərqşünaslıq fakültəsində müxtəlif ölkələrin filologiyası, dili, tarixi, ənənələri və coğrafiyası öyrənilir. Hazırda fakültədə ərəb, fars və türk dillərini əhatə edən Yaxın Şərq dilləri, eyni zamanda ibri, yapon, urdu, Çin və Koreya dilləri tədris olunur. Fakültənin məzunları Azərbaycanın xaricdəki səfirliklərində fəaliyyət göstərir, müxtəlif tədbirlərdə tərcüməçi kimi iştirak edirlər. Bütün bunlar bizi daim sevindirir və işimizi daha yüksək səviyyədə qurmağa təşviq edir”.
Sonra Şərqşünaslıq fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan fakültənin 103 yaşlı tarixinin başlanğıcının ötən əsrin 20-ci illərinə gedib çıxdığını bildirib. O qeyd edib ki, bu gün fakültədə ixtisasın dili, ədəbiyyatı ilə yanaşı, tam region da öyrənilir: “Hazırda Çin filologiyası üzrə təhsil alan fakültə tələbələri bu yay Çinin Anhui Universitetində yay düşərgəsində olub, üçüncü kursdan isə göstəriciləri yüksək olan tələbələr həmin universitetdə ikili diplom proqramı üzrə təhsil alacaqlar. Tələbələrimiz mütəmadi şəkildə dil yarışlarında iştirak edir, birinci yerin qalibləri isə Yaponiya, Çin, Koreyada təhsillərini davam etdirmək şansı əldə edirlər. Bu il Qətər Universiteti ilə memorandum imzalanacaq, Ayn Şəms Universiteti ilə də danışıqlar aparılır”.
Daha sonra Milli Məclisin deputatı, Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Əsmətxanım Məmmədova tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüblər. Şərqşünaslıq fakültəsinin hazırda Küveyt Universitetinin Dillər Mərkəzində bir il müddətində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edən 4 məzununun videomüraciəti izlənilib.
Tədbir tələbələrin müxtəlif Şərq dillərində çıxışları ilə başa çatıb.