Oktyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əsas tədris binasında universitetin Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev dərsləri”nin növbəti məşğələsi keçirilib. 2023-cü ildə Ulu Öndərin 100 illik yubileyi münasibətilə başlanan analoji dərslərdə bu dəfə Riyaziyyat fakültəsinin İnformatika müəllimliyi ixtisasının tələbələri iştirak ediblər.
Tələbələr öncə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Mərkəzin əməkdaşı Aynurə Əsgərova onları buradakı eksponatlarla, stendlərdə nümayiş olunan fotolar və arxiv sənədlərinin surətləri ilə tanış edib, Ümummilli Liderin həyatının müxtəlif dövrləri, çoxşaxəli fəaliyyətinin ayrı-ayrı aspektləri barədə məlumat verib.
Heydər Əliyev Məktəbinin lektoriyasında davam edən tədbirdə mərkəzin müdiri Tahir Süleymanov 1969-2003-cü illəri əhatə edən, milli tariximizin tərəqqi və inkişaf dövrlərindən biri kimi səciyyələnən “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda mühazirə ilə çıxış edib. O bildirib ki, Heydər Əliyev bir tərəfdən fitri istedadı, digər tərəfdənsə gərgin əməyi sayəsində istər məktəb, texnikum, institut və universitetdə təhsil aldığı illərdə, istərsə də müxtəlif dövlət orqanlarında çalışdığı dövrlərdə ən yüksək nailiyyətləri qazana bilib. Ulu Öndər bir-birindən köklü şəkildə fərqlənən iki dövrdə Azərbaycana uğurla rəhbərlik edib, onun hərtərəfli inkişafını təmin edərək Azərbaycanı Sovet İttifaqının 15 respublikası arasında qabaqcıl mövqelərə çıxarıb. Məhz müstəsna keyfiyyətlərinə görə Heydər Əliyev SSRİ kimi nəhəng ölkənin ali partiya və dövlət rəhbərlərindən biri səviyyəsinə yüksəlib. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə hökm sürən xaos və anarxiyanın, etnik separatizm təzahürlərinin qarşısını alıb, hakimiyyəti silahlı yolla devirmək praktikasına birdəfəlik son qoyub. Beləliklə, Azərbaycan yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsindən qurtulub, aparılan əsaslı islahatlar sayəsində davamlı inkişaf yoluna qədəm qoyub.
Mühazirədən sonra dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin Ulu Öndər haqqında söylədiyi fikirləri əks etdirən slaydlar ekranda nümayiş etdirilib. Daha sonra dərsin iştirakçıları Heydər Əliyevə həsr olunmuş sənədli filmə maraqla tamaşa ediblər.
Sonda məşğələ qarşılıqlı sual-cavab formasında davam edib, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.