Dərc olunub: 24.10.2024
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının binasında “Bitkiçilik və heyvandarlıqda təbii resurslardan dayanıqlı istifadə” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.
Universitetdən Mektebgushesi.az-a bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 9-cu konfransına (COP29) həsr edilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov kənd təsərrüfatında təbii resursların səmərəli istifadəsinin müasir aqrar siyasətin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu çağırışlara cavab vermək üçün dayanıqlı inkişafın vacibliyini diqqətə çatdırıb. Həmçinin, ADAU-nun dayanıqlı kənd təsərrüfatı üzrə aparıcı təhsil və tədqiqat mərkəzi kimi rolunu qeyd edərək, universitetin bu sahədə beynəlxalq tərəfdaşlıqlar qurduğunu və innovativ layihələr üzərində çalışdığını bildirib. Rektor, bu konfransın da məhz dayanıqlı inkişaf hədəflərinə çatmaq və təbii resursların mühafizəsini təmin etmək məqsədilə elmi və praktik təcrübələrin mübadiləsi üçün vacib platforma olduğunu deyərək konfrans iştirakçılarına uğurlar arzulayıb.
Sonra ADAU-nun tanıtım çarxı nümayişi olunub.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, Qərb bölgəsinin kənd təsərrüfatı potensialını vurğulayıb. O, bölgənin aqrar sektorda strateji əhəmiyyətə malik olduğunu və bu sahədə inkişaf üçün geniş imkanların mövcudluğunu qeyd edib.
Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Nasar Hayat çıxış edərək, təbii resursların səmərəli idarə olunmasının qlobal əhəmiyyətini bildirərək, dayanıqlı kənd təsərrüfatının dünya miqyasında prioritet olduğunu bildirib.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Azərbaycanın aqrar sektorundakı nailiyyətlərinin, ölkəmizin kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən islahatların nəticəsi olduğunu vurğulayaraq, dövlətin aqrar sektora xüsusi diqqət və dəstəyinin hər zaman olduğunu dilə gətirib.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzlu, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Anar Əzimov və KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman Kərimov çıxışlarında kənd təsərrüfatında təbii resursların qorunmasının və effektiv istifadəsinin vacibliyini diqqətə çatdırıblar. Onlar, həmçinin aqrar sahədə innovativ yanaşmaların tətbiqi və sektorda davamlı inkişafın təmin edilməsi üçün atılan addımların əhəmiyyətini qeyd ediblər.
Tədbirin sonunda Azərbaycan Dövlət Aqrar Universiteti  və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bənzər yazılar