Botanika İnstitutunda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: botanika, ekologiya və yaşıl şəhərlər” adlı forum keçirilib.
Bu barədə Mektebgushesi.az –a institutdan bildirilib. Forumun açılış mərasimində bir sıra dövlət nümayəndələri, yerli və xarici alim və mütəxəssislər iştirak ediblər.
Tədbirdə çıxış edən Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva COP29 çərçivəsində “Müharibə gedən ölkələrdə ekosistemlərə dəyən ziyanın qiymətləndirilməsi və bərpası ittifaqı”nın yaradılması təklifinin irəli sürülməsinin məqsədəuyğun olduğunu bildirib. Qeyd olunub ki, bu ittifaqın üzvləri tərəfindən müharibə gedən ölkələrdə ekosistem və biomüxtəlifliyə dəymiş ziyan hesablanmalı, ətraf mühitdə emissiyanın artımı dəqiqləşdirilməli, meşə və yaşıllıqların azalması müəyyənləşdirilməli və hər biri üçün ziyan verən tərəfə cərimələr tətbiq edilməlidir. Bu, eyni zamanda, planetimizin qorunmasına xidmət edəcək.
Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Aysel Qəribli, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, professorlar Afət Məmmədova və Mahirə Hüseynova, dosent Reyhan Ağayeva digər çıxış edənlər forumun işinə uğurlar arzulayıblar.
Forum 12 istiqamət üzrə 3 paneldə plenar iclaslarla davam edib. Məruzələr ətrafında geniş müzakirələr aparılıb. Sonda iştirakçılara sertifikat təqdim olunub.
Tədbir dəyirmi masada müzakirə və təbiətə ekskursiyalarla davam edəcək.