Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.
Mektebgushesi.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, COP29 nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Festivala həsr olunan videoçarxın nümayişindən sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bugünkü tədbirin təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb.
“STEAM Azərbaycan”ın ölkə təhsilində vacib layihələrdən biri olduğunu qeyd edən nazir STEAM-ın tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb.
Nazir çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.
BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib ki, COP29 ərəfəsində keçirilən builki STEAM festivalı çərçivəsində əsas diqqətin yaşıl texnologiyalara yönəldilməsi mühüm əhəmiyyət kəsb edir.
O, STEAM təhsil metodunun sinergetik potensialı sayəsində iqlim dəyişmələrinin təsirlərini yumşaltmağın mümkünlüyünə də toxunub.
“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov vurğulayıb ki, builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb:
“Məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsif iştirak edir. Festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq. STEAM layihəsi hazırda ölkə üzrə 398 məktəb və 252 711 şagirdi əhatə edir, 20-dən çox STEAM Mərkəzi fəaliyyət göstərir. layihə üzrə şagird sayının 2026-cı ilə kimi 300 minə çatdırılması nəzərdə tutulur”.
Çıxışlardan sonra festival iştirakçılarının hazırlıq mərhələsini əks etdirən video təqdim edilib.
Daha sonra festivalda iştirak edən yerli və xarici komandaların təqdimatı olub.
Açılış mərasimi bədii hissə ilə yekunlaşdırıb.
Qeyd edək ki, iki gün davam edəcək festivalda iştirakçılar həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən təşkil olunacaq iqlim dəyişmələri və dayanıqlılıq mövzularına həsr olunmuş təlimlərdə də iştirak edəcəklər.