Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə materiallarının işlənməsi, ekspertizası və yoxlanılması ilə bağlı müəllif, ekspert və marker hazırlığı kursları təşkil edir.
DİM-dən bildirilib ki, hazırlıq kursları Azərbaycan dili, riyaziyyat, ingilis dili, informatika, kimya, fizika, biologiya, coğrafiya, tarix və rus dili fənlərini əhatə edir. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin istiqamətdə təhsilini davam etdirən magistrantlar iştirak edə bilərlər. Qeydiyyat 2025-ci il yanvarın 26-dək aparılacaq.
Hazırlıq kurslarında iştirak ödənişlidir və məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az internet səhifəsində verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyatdan keçmək lazımdır.
Kursun sonunda iştirakçılar müvafiq fənlər üzrə yoxlama imtahanından və kalibrləmə prosesindən (cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması) keçəcəklər. Həm yoxlama imtahanından, həm də kalibrləmə prosesindən müvəffəqiyyətlə keçənlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlara sertifikat veriləcək.
Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin istiqamətdə təhsili davam etdirən magistrantlar üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər.
Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər (012) 310-53-16 (daxili nömrə: 1532) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Regional bölmələrin ünvanları və əlaqə vasitələri DİM-in saytında yerləşdirilib.