Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “40 ayə” yarışması keçirilib.
Müsabiqə Aİİ-nin tələbələri arasında baş tutub.
Yarışmanın münsiflər heyətində İlahiyyat fakültəsinin müəllimləri – fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov, fəlsəfə üzrə fəlsəfə doktoru Əmir Kahayev, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə və Əbülfət Vəliyev təmsil olunublar.
İnstitutun rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını salamlayıb, tələbələrin dini, dünyəvi biliklərə yiyələnməsi istiqamətində Aİİ-nin müsbət fəaliyyətini vurğulayıb. Rektor bildirib ki, belə yarışmalar gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, öz biliklərini daha çevik şəkildə ifadə etmək təcrübəsi qazanmağa imkan verir.
Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Beləliklə, “40 ayə” yarışmasında birinci yerə “İslamşünaslıq” ixtisasının I kurs tələbəsi Elvin Qurbanov, ikinci yerə “İslamşünaslıq” ixtisasının IV kurs tələbəsi Rauf İbrahimxəlilov, üçüncü yerə isə “Dinşünaslıq” ixtisasının IV kurs tələbəsi Zeynəb Xəlilli layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.
Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşlərinin formalaşdırılması, intellektual səviyyələrinin, elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi yetişmələri üçün müxtəlif yarışmalar, müsabiqələr keçirilir.