Çin Xalq Respublikasının Ruipan Beynəlxalq Təhsil Texnologiyaları şirkətinin (Beijing Ruipan International Education Technology) nümayəndələri Bakı Mühəndislik Universitetində (BMU) olublar.
Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor Yaqub Piriyev Azərbaycanla Çin arasında əlaqələrin tarixinə toxunub, əməkdaşlığın genişlənməsi və inkişafının iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verdiyini, sülhə, sabitliyə, sosial-iqtisadi, mədəni tərəqqiyə xidmət etdiyini bildirib. Rektor ölkələrimiz arasında təhsil sahəsində həyata keçirilən layihələri, xüsusilə Hökumətlərarası Təqaüd Proqramının əhəmiyyətini vurğulayaraq, proqramın Azərbaycan və Çin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində istədikləri ixtisas üzrə təhsil almaq imkanı yaratdığını söyləyib.
Yaqub Piriyev sonra BMU-nun maddi-texniki bazası, akademik heyəti, müasir laboratoriyaları, tədris olunan ixtisaslar barədə ətraflı bəhs edib, universitetin son illər genişlənən beynəlxalq əlaqələrinin müsbət təsirlərini vurğulayıb.
Öz növbəsində “Beijing Rupian International Education Technology” haqqında məlumat verən şirkətin direktoru xanım Li Xin Pekin şəhərində yerləşən şirkətin güclü maddi-texniki bazaya malik Çin universitetləri ilə dünya ölkələrinin ali təhsil ocaqları arasında əməkdaşlıq yaratdığını, eləcə də e-öyrənmə, onlayn kurslar, təhsil resursları, müxtəlif texnoloji alətlərin inkişafı istiqamətində fəaliyyət göstərdiyini deyib. Əlavə edib ki, şirkət tələbələr üçün birgə beynəlxalq proqramlar həyata keçirir, qış və yay düşərgələri təşkil edir, qarşılıqlı maraq doğuran fənlərarası akademik mübadilələri gerçəkləşdirir, o cümlədən beynəlxalq əməkdaşlıqları gücləndirmək və müxtəlif universitetlərlə əlaqələrin inkişafı məqsədi ilə çeşidli layihələrdə iştirak edir.
Görüş zamanı informasiya texnologiyaları (IT) ixtisaslarında təhsil alan tələbələrin qarşılıqlı tədrisə göndərilməsi, eləcə də BMU tələbələrinin Çində müvafiq ixtisaslar üzrə təcrübəyə cəlb olunması, habelə çinli tələbələrin yay məktəblərinin tanışlıq məqsədilə Azərbaycanda təşkili məsələləri müzakirə edilib. Həmçinin müəllimlərin qarşılıqlı səfərlərinin təşkili nəzərdən keçirilib, builki tədris ilinin ikinci semestrində çinli müəllimlərin BMU-da IT üzrə dərslərə cəlb olunmalarına dair ilkin razılıq əldə edilib.