Bakı Ali Neft Məktəbində (BANM) Gənclərin Ekoloji Sinerji Mərkəzi (YES! Center – Youth Ecological Synergy Center) təsis edilib.
Bu barədə BANM-dən məlumat verilib.
Mərkəzin açılış mərasimində rektor Elmar Qasımov gənclərin ekoloji maarifləndirilməsinin və davamlı inkişafın əhəmiyyətindən bəhs edərək, Mərkəzin bu istiqamətdə böyük rol oynayacağını vurğulayıb.
Sonra Mərkəzin baş mentoru və elmi rəhbəri, professor Fuad Vəliyev ekoloji məsələlər barədə təqdimat edərək, layihənin ekoloji problemlərin həllinə və davamlı inkişafa töhfə verəcəyini söyləyib.
Sonda ali məktəbin Keyfiyyətin təminatı şöbəsinin rəisi və Mərkəzin koordinatoru Güldənə Hidayətli “YES! Center”in missiyası və planlaşdırılan layihələri haqqında məlumat verib.
Mərkəzin əsas məqsədləri gəncləri davamlılıq və ətraf mühit mövzusunda maarifləndirmək və ilhamlandırmaq, ekoloji təcrübələrdə elmi-tədqiqat və yenilikləri təşviq etmək və ekoloji sinerjiylə bağlı gənc liderlər icması yaratmaqdan ibarətdir.
Mərkəzin əsas vəzifəsi gənclərin ekoloji şüurunu artırmaq və ətraf mühitin qorunmasına yönəlmiş layihələr həyata keçirməkdir.