Dərc olunub: 23.10.2024

Oktyabr  23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Şəki filialında “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planı çərçivəsində “COP29: Qlobal iqlim dəyişkənliyi və uyğunlaşma imkanları” mövzusunda elmi seminar keçirilib. Seminarda filialın rəhbərliyi, müvafiq kafedranın əməkdaşları və Tarix və coğrafiya müəllimliyi ixtisasının tələbələri iştirak ediblər.

Elmi seminarı giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev qeyd edib ki, XX əsrin ortalarından Yer planetində başlayan ekoloji problemlər get-gedə kəskinləşərək hazırda böhranlı həddə çatıb. Bunların sırasında Yer səthində temperaturun orta illik normadan yüksək olması, atmosferin və su mənbələrinin çirklənməsi, içməli su qıtlığı, meşə fondlarının azalması və s. problemlər əsas yer tutur. N. Çələbiyev diqqətə çatdırıb ki, BMT və digər beynəlxalq təşkilatlar problemdən çıxış yolları axtarır, ayrı-ayrı beynəlxalq platformalarda müzakirələr keçirirlər. O, 2024-cü ilin noyabr ayının ikinci ongünlüyündə Bakıda keçiriləcək COP29 İqlim Sammitinin belə tədbirlərdən biri olacağını vurğulayıb.

Daha sonra filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayeva mövzu ilə bağlı geniş təqdimatla çıxış edib, qlobal, regional və lokal ekoloji problemlərdən çıxış yolları ilə bağlı öz mülahizə və təkliflərini iştirakçılarla bölüşüb.

Sonda aktual ekoloji problemlərlə bağlı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 

 

Bənzər yazılar