Dərc olunub: 22.10.2024

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Pedaqogika və Psixologiya kafedrası tərəfindən təşkil olunan “İnklüziya” adlı rəsm-satış sərgisi geniş maraqla qarşılanıb. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan sərgidə tələbələrininklüziv cəmiyyət mövzusunda, hazırladıqları əl işləri nümayiş etdirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri, Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova, məktəb direktorları, müəllimlər, ziyalılar,  Qazilər və media nümayəndələri iştirak edib.

Universitetin rektor əvəzi tədris işləri üzrə prorektor Üzeyir Zeynalov sərginin açılışında çıxış edərək, tələbələrin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib. Tələbələrin əl işlərinin təkcə estetik dəyərə malik olmadığını, həmçinin cəmiyyət üçün dərin sosial mesajlar daşıdığını qeyd edən Üzeyir Zeynalov tələbələrin inklüziya mövzusunu incəsənət vasitəsilə uğurla əks etdirdiklərini qeyd edərək, bu kimi tədbirlərin tələbələrin şəxsi və sosial inkişafına mühüm təsir göstərdiyini bildirib.

Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova sərginin təhsildə inklüziv dəyərlərin təbliğində əhəmiyyətli rol oynadığını vurğulayıb. S. Həsənova tələbələrin yaradıcılıq işlərinin sosial məsuliyyət hissini əks etdirdiyini və bu cür tədbirlərin onların cəmiyyətə daha yaxşı inteqrasiya olunmalarına dəstək olduğunu qeyd edib. Sektor müdiri belə layihələrin təhsil müəssisələrində daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğulayaraq, tələbələrə uğurlar arzulayıb

Pedaqogika və Psixologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fərəh Cəlil sərginin təşkil olunmasında əsas məqsədləri açıqlayaraq, tələbələrin inklüziya və sosial məsuliyyət mövzularında yüksək bacarıq nümayiş etdirmələrindən məmnunluğunu ifadə edib. Fərəh Cəlil qeyd edib ki, bu cür tədbirlər tələbələrin yaradıcılıq qabiliyyətlərinin inkişafı ilə yanaşı, onların cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşmasına da bilavasitə yardımçı olur.

Sərgidə tələbələrin hazırladığı rəsm əsərləri və müxtəlif əl işləri qonaqlar tərəfindən maraqla qarşılandı. Tədbir iştirakçıları sərgiyə ianələr edərək inklüziya mövzusuna dəstək nümayiş etdirdilər. Tədbir ağacəkmə aksiyası ilə yekunlaşıb

Sərgi şəhər ictimaiyyəti və təhsil işçiləri tərəfindən yüksək qiymətləndirildi və tələbələrin yaradıcılıq potensialını ortaya çıxarmaqla yanaşı, onların sosial məsuliyyətli vətəndaşlar kimi yetişməsinə də böyük töhfə verəcək.

Bənzər yazılar