Dərc olunub: 22.10.2024

 

Reytinqlərin Təşkili Assosiasiyası (RTA) BRICS universitetlərinin ilk pilot reytinq cədvəlini təqdim edib. Reytinqə 10 ölkənin – Braziliya, Çin, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Efiopiya, Cənubi Afrika Respublikası, İran, Misir, Birləşmiş Ərəb Əmirliyinin  600 ali təhsil müəssisəsi cəlb olunub. Reytinqdə Çinin 207, Rusiyanın 161, Hindistanın 93, Braziliyanın 55, İranın 27, digər dövlətlərin toplam 20 universiteti iştirak edib.

Mektebgushesi.az “Azərbaycan müəllimi” nə istinadən xəbər verir ki, reytinqdə ilk yeri Pekin Universiteti, ikinci yeri Lomonosov adına Moskva Dövlət Universiteti, üçüncü yeri Çinin Sinxua Univesiteti tutub. RTA-nın baş direktoru Dmitri Qrişankov qeyd edib ki, reytinq BRICS üzvü olan dövlətlərin spesifik xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb və “Universitetlərin üç missiyası” beynəlxalq reytinqinə uyğunlaşdırılmış metodologiyadan istifadə edilib. Metodologiyada tələbələrin beynəlxalq səviyyəli tədbirlərdə əldə etdiyi nailiyyətləri universitetlərin maliyyə göstəricilərindən daha çox nəzərə alınıb.

Reytinq siyahısı müəyyənləşərkən metodologiyaya BRICS ölkələrinin beynəlxalq elmi  əlaqələrini dəyərləndirən yeni meyar da əlavə olunub. Reytinq yaratmaq ideyası 2023-cü ildə BRICS üzvü olan ölkələrin təhsil nazirlərinin görüşündə Cənubi Afrika Respublikası tərəfindən irəli sürülüb. 8 fevral 2024-cü ildə Rusiya Federasiyasının Elm və Təhsil üzrə Prezident Şurasının iclasında Rusiya Rektorlar İttifaqının prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi “Universitetlərin üç missiyası” reytinqi əsasında BRICS ölkələrinin universitetlərin reytinqinin hazırlanması təşəbbüsü ilə çıxış edib və Rusiya Prezidenti Vladimir Putin bu ideyanı dəstəkləyib.

Reytinqin formalaşdığı BRICS prinsipləri 2024-cü ilin iyulunda Rusiya Rektorlar İttifaqının konqresində elan edilərək, daha sonra Rusiya Elmlər Akademiyası, Rusiya Təhsil Akademiyası və Təhsil və Elm Nazirliyinin işçi qrupları tərəfindən müzakirə edilib və dəstəklənib. 2024-cü ildə Kazanda keçirilən BRICS-ə üzv dövlətlərin təhsil nazirlərinin növbəti görüşündə akademik nailiyyətlərinin yüksəldilməsi ilə bağlı mütəmadi seminarların keçirilməsi də planlaşdırılıb.

BRICS reytinqinin metodologiyası

BRICS universitetlərinin pilot reytinqinin metodologiyası beynəlxalq səviyyədə geniş müzakirə olunan ilk akademik reytinq olan “Universitetlərin üç missiyası”na əsaslanır. Reytinq modeli BRİCS ölkələrinin təhsil müəssisələrinin milli xüsusiyyətləri nəzərə alınmaqla yenilənib.

Reytinq ali təhsil müəssisələrinin 3 əsas missiyanı – təhsil, elm və sosial həyatı əhatə edir. Reytinq ekspertlərin subyektiv fikirlərinə yox, obyektiv nəticələrə əsaslanır. Universitetlərin reytinqini müəyyən edərkən BRICS konsorsiumuna daxil olan dövlətləri əhatə edən 825 universitetin siyahısı hazırlanıb. Bu siyahıya dünyanın beynəlxalq və yerli reytinq cədvəllərində liderlik edən, elm və təhsil göstəriciləri ilə tanınan universitetlər əlatə edilib. Daha sonra ixtisas və proqramların sayına və eyni zamanda tələbə sayına görə üstün olan universitetlər seçilərək reytinqə 600 universitet cəlb olunub.

Reytinqi müəyyənləşdirən mənbələr

Reytinqdə yalnız beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş obyektiv göstəricilərdən istifadə edilib. Reputasiya sorğularının tamamilə istisna olunduğu göstəricilər əsas mənbə olaraq universitetlərin və milli hakimiyyət orqanlarının rəsmi internet saytlarından açıq giriş məlumatları, habelə müstəqil beynəlxalq mənbələrdən əldə edilən məlumatları əhatə edib. Bunlara “Class Central” onlayn kurs platformalarının ən böyük aqreqatoru; kütləvi təhsil platformaları “Open Education” (Rusiya) və “icourse163.org” (Çin); pulsuz məzmun, çoxdilli onlayn ensiklopediya “Wikipedia”; axtarış motorları (“Google”, “Yandex”, “Baidu”); sosial şəbəkələr “Facebook”, “X” (əvvəllər “Twitter”), “VK”, “Sina Weibo”, “YouTube”, “Telegram”) kimi mənbələri misal göstərmək olar. Veb analitika üzrə dünya liderlərindən biri olan bibliometrik məlumat təminatçısı “Similarweb”; Beynəlxalq tələbə müsabiqələrinin və elmi mükafatların rəsmi internet resursu olan “IREG List of International Academic Awards” (IREG Beynəlxalq Akademik Mükafatlar Siyahısı) reytinqi müəyyənləşdirmək üçün istifadə olunan məlumat bazalarıdır.

Reytinq modelinin təkamülü

BRICS ölkələrinin milli xüsusiyyətlərinin nəzərə alınması mexanizmlərindən biri reytinq modelinin çəki əmsallarının xüsusi kalibrlənməsi olub. BRICS ölkələrində ali təhsil müəssisələrinin qiymətləndirilməsinin düzgünlüyünü təmin etmək üçün reytinqdə “Üç universitet missiyası”nın qlobal reytinqlərindən fərqlənən göstəricilərdən istifadə edilib. Belə ki, yeni reytinqdə “Universitet tələbələrinin beynəlxalq tələbə olimpiadalarında qazandığı qələbələrin sayı” (7-dən 9%-ə qədər) və “Əcnəbi tələbələrin tələbələrin ümumi sayına nisbəti” (8-dən 10%-ə qədər) kriteriyalarının çəkisi artırılıb. Eyni zamanda, “Büdcənin tələbəyə nisbəti” (15-dən 13%-ə) və “Professor-müəllim heyətinin tələbəyə nisbəti” (15-dən 13%-ə) göstəriciləri azaldılıb.

Elmi missiyanı qiymətləndirmək üçün ilk dəfə olaraq “BRICS tərəfdaşları ilə birgə nəşrlər” meyarından (çəki əmsalı – 2%) istifadə edilib. Reytinqdə ilk dəfə BRICS ölkələrindən olan xarici tərəfdaşlarla birgə elmi nəşrlərin sayı ölçülüb. Yeni meyar universitet və BRİCS ölkələrinin tərəfdaş təşkilatları arasında elmi əməkdaşlığın səviyyəsini əks etdirir. Göstərici reytinqi müəyyən edilərkən “Orta normallaşdırılmış sitatlar (dünya səviyyəsi)” indikatorunun çəkisi 10%-dən 8%-ə endirilib.

Reytinq hesablanması

Reytinq müəyyənləşərkən göstəricilərin qruplar üzrə ümumi çəkisi təhsil üzrə 45%, tədqiqatlar üzrə 25%, universitet və sosial həyat üzrə 30% təşkil edib.
Beləliklə, aparılan araşdırma 17 istiqaməti əhatə etməklə reytinqi müəyyənləşdirən əsas tələblərdir:

1.    Universitet tələbələrinin beynəlxalq müsabiqələrdə qazandığı qələbələr
2.    Tələbələrin ümumi sayında əcnəbi tələbələrin payı
3.    Universitet büdcəsinin tələbələrin sayına nisbəti
4.    Professor-müəllim heyətinin sayının tələbələrin sayına nisbəti
5.    Tədqiqatçılar və universitet məzunlarının IREG siyahısında elmi mükafatlarının sayı
6.    Orta normallaşdırılmış sitatlar (qlobal səviyyə)
7.    Orta normallaşdırılmış sitatlar (milli səviyyə)
8.    Tədqiqat gəlirlərinin professor-müəllim heyətinin sayına nisbəti
9.    BRICS tərəfdaşları ilə birgə nəşrlər
10.    Kütləvi açıq onlayn universitet kurslarının sayı
11.    Universitetin elmi tədqiqatların ölkənin inkişafına verdiyi töhfə
12.    Aparıcı axtarış motorları tərəfindən indeksləşdirilmiş universitet veb səhifələrinin ümumi sayı
13.    Universitet səhifəsinin Vikipediyada baxış sayı
14.    Sosial şəbəkələrdə universitet hesabının izləyicilərinin sayı
15.    Vikipediyada ayrıca səhifəsi olan universitet məzunlarının sayı
16.    Universitet saytının internet auditoriyasının sayı
17.    Şəffaflıq və informasiya siyasəti

Reytinq cədvəlində ilk onluğa daxil olan universitetlərdən 4-ü Rusiya, 6-sı Çin universitetləridir. Siyahıda 18-ci yerdə CAR-ın Keyptaun Universiteti (University of Cape Town), 25-ci yerdə Hindistanın Banqalor Elm İnstitutu (Indian Institute of Science, Bangalore), 28-ci yerdə Səudiyyə Ərəbistanın Kral Səud Universiteti (King Saud University), 39-cu yerdə Braziliyanın Sao Paulo Universiteti (University of  Sao Paulo), 63-cü yerdə Misirin Qahirədə yerləşən Amerika Universiteti ( The American University in Cairo), 64-cü yerdə Birləşmiş Ərəb Əmirliyi Universiteti (United Arab Emirates University), 90-cı yerdə İranın Tehran Tibb Universiteti (Tehran University of Medical Sciences) tutub.

Qeyd edək ki, Cənubi Azərbaycanın Təbriz Universiteti 353-400 sıralamasında İran universitetləri arasında ən son yerlərdən birini tutan universitetdir.

Bənzər yazılar