Bəzi valideynlər dövlət bağçalarında fəaliyyət göstərən müəllimlərin pedaqoji və psixoloji olaraq vəzifələrini doğru yerinə yetirə bilməməsindən şikayət edirlər.
Ölkədə ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə həyata keçirilib.
Maraqlıdır, bağça müəllimlərinin bilik və bacarıqlarının diaqnostik yoxlanması nə dərəcədə məqsədəuyğundur?
Həqiqətən, bu proses valideynləri narazı salan xoşagəlməz halların aradan qalxmasına təsir göstərəcəkmi? Qeyd edək ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə prosesdə Azərbaycan, rus və gürcü dillərində tədris aparan 13 000-ə yaxın tərbiyəçi-müəllim və metodist iştirak edib.
Təhsil eksperti Kamran Əsədov diaqnostik yoxlamanı zəruri hesab edir:
“Statistika bu sahədə çalışan işçilərin 60 faizə qədərinin fərqli sahələrdə təhsilə malik olduqlarını və yaxud ümumiyyətlə, təhsili olmadıqlarını göstərir. Bu, məktəbəqədər təhsil müəssisələrinin keyfiyyəti və uşaqların erkən inkişafı baxımından narahatedici nəticədir. Bağçalarda işləyən tərbiyəçilərin diaqnostik qiymətləndirilməsi onların peşəkarlıq səviyyəsini yüksəltmək və məktəbəqədər təhsil müəssisələrinin keyfiyyətini artırmaq məqsədi daşıyır”.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Azər Teymurlu bildirib ki, könüllülük prinsipi əsasında həyata keçirilən diaqnostik qiymətləndirmənin nəticəsindən və prosesdə iştirakdan asılı olmayaraq heç bir inzibati tədbir həyata keçirilməyəcək: “2026-ci ilin sonuna qədər 17 min nəfərin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub”.
Ümumilikdə diaqnostik yoxlama 2026-cı ilin sonlarında keçiriləcək sertifikasiya prosesinə hazırlıq mərhələsini təşkil edir.
Ətraflı Baku TV-nin süjetində: