Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib.
Nazirlikdən Mektebgushesi.az -a bildirilib ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli ali təhsil sahəsində aktual mövzuların müzakirəsi üçün universitetləri təşəbbüskar olmağa dəvət edib. Təhsil proqramlarından danışan müşavir bildirib ki, bu proqramlar həm əmək bazarının tələbləri, həm də məsuliyyətli vətəndaşın yetişdirilməsinə münasibətdə hazırlanarsa, daha optimal və effektiv olar.
Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, hazırda elm və ali təhsil siyasətinə dair əsas strateji istiqamətlər müəyyən edilib və hər biri üzrə praktik addımlar atılmaqdadır. Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Növbəti mərhələdə doktorantura təhsili ilə bağlı da müvafiq işlərin, o cümlədən doktorantura təhsilinin yenidən təşkili məsələləri öz həllini tapacaq.
Tələbə qəbuluna dair statistik məlumatları təqdim edən Turxan Süleyman növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görüləcəyini diqqətə çatdırıb.
Tədbirin ikinci hissəsində Elm və ali təhsil siyasəti şöbəsinin müdir müavini Nərgiz Qaraxanova “Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları” haqqında məlumat verib. O qeyd edib ki, bu qaydalar ali, orta ixtisas və peşə təhsili üzrə yeni ixtisaslar açılması məsələlərini tənzimləyir. Nərgiz Qaraxanova əlavə edib ki, təhsil proqramı (ixtisas) ölkənin inkişaf istiqamətlərinə uyğun olmalı və cəmiyyətin yüksək səviyyəli, rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsinə xidmət etməlidir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib.