Paytaxtdakı 247 nömrəli tam orta məktəbdə Nəsimi rayonu məktəb direktorlarının kurasiya üzrə görüşü keçirilib.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavinləri Xəyalə Əhmədzadə və Anar Məmmədov, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və məktəb direktorları iştirak ediblər.
247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova qonaqları salamlayıb və BŞTİ-nin ümumi təhsil müəssisələrinin səmərəli fəaliyyətinin təşkilinə xidmət edən təlimatlarını nəzərə çatdırıb.
Görüşdə çıxış edənlər tədrisin təşkilində məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb, məktəb direktorlarına fəaliyyətlərində nəticəyönümlülüyü əsas götüməyi tövsiyə ediblər. Bildirilib ki, idarəetmədə çevik, effektiv mexanizmlərin qurulması, əlçatanlığın təmin olunması, vətəndaş məmnunluğu əsas məqsədlərdəndir.
Görüş zamanı məktəb rəhbərlərinə təhsildə keyfiyyətin artırılması, tədris prosesinin idarəolunması, kadr münasibətlərinin tənzimlənməsi, məktəbdaxili qaydalara nəzarətin gücləndirilməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, şagird davranış qaydalarına və şagird təhlükəsizliyi məsələlərinə riayət olunması, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib, yeni yanaşmalar, müasir çağırışların tələblərindən irəli gələn zəruri amillər nəzərə çatdırılıb.
Həmçinin məktəb direktorunun fəaliyyət istiqamətləri, keyfiyyətin idarə olunması mexanizmləri, tədris planlarının təhlili, şagird nailiyyətlərinin qiymətləndirilməsi, dərsin daha səmərəli və effektiv təşkili üçün metodiki yanaşmalar, monitorinqlər və digər müvafiq mövzulardan bəhs edilib.
Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklifl və tövsiyələr səsləndirilib.