Oktyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə Estoniya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın açılış mərasimində Milli Məclisin deputatı Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının çıxış ediblər. Çıxışlarda Azərbaycan təhsil sistemində əldə olunan nailiyyətlər diqqətə çatdırılaraq, müasir qabaqcıl təhsil sistemlərinin uğurlu təcrübələrinin də öyrənilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd Estoniyanın təhsil sistemi ilə tanış olmaq və bu sahədə təcrübə mübadiləsi aparmaqdır.
Pedaqoji Universitetin rektoru prof. Cəfər Cəfərov vurğulayıb ki, təhsil sahəsində qabaqcıl təcrübələrin, müasir texnologiyaların və yeniliklərin tətbiqi istiqamətində təcrübə mübadiləsi hər zaman inkişafın təməl daşıdır. Bu baxımdan, Estoniyanın təhsildə qazandığı uğurlar dəyərli bir nümunədir.
Rektor bildirib ki, Estoniya, rəqəmsal təhsil sisteminin qurulması və təhsil proseslərinin modernləşdirilməsi sahəsində dünya miqyasında ön sıralarda yer alır. Rəqəmsal texnologiyalarla zənginləşdirilmiş tədris proqramları, müəllim hazırlığının müasir standartlar üzrə təşkil olunması və təhsil sisteminin inklüzivliyinin artırılması istiqamətində Estoniya təcrübəsi təkcə Avropa ölkələri üçün deyil, həmçinin bizim üçün də dəyərli təcrübələr təqdim edir. Bu baxımdan təhsilimizin dünya standartlarına uyğunlaşdırılması, tədris prosesinin səmərəliliyinin artırılması üçün beynəlxalq təcrübələrdən yararlanmağa böyük əhəmiyyət verən ADPU daimi olaraq bu kimi tədbirlərə ev sahibliyi edir.
Konfransda Estoniya Təhsil və Tədqiqatlar Nazirliyinin yeni tədris proqramlarının hazırlanması üzrə işçi qrupunun üzvü, Tallin Universitetində təhsilin idarəolunması üzrə müəllim, Eston Dili İnstitutunun tədqiqatlar üzrə layihə rəhbəri, psixoloq Stanislav Nemerjitski, Estoniyada dövlət bağçalarının mentoru, Tallin Məktəbəqədər Təhsil üzrə Direktorlar Assosiasiyasının İdarə Heyətinin üzvü Riina Ləil, Estoniyada “Lingatore” xarici dil tədrisi mərkəzinin rəhbəri, xarici dil tədrisi üzrə metodist, baş müəllim Evelin Müüripeal, Estoniyanın təhsildə inteqrasiya üzrə Dövlət Proqramının mentoru, “Təhsildə ilin adamı” mükafatı laureatı Sənəm Əliyeva təqdimatla çıxış edərək öz təcrübələrini bölüşüblər.
Təqdimatlarda “Estoniyanın PISA uğuru: əsas səbəblər”, “İdarəetməni dəyişin: uşaqyönümlü öyrənmə mühitini necə yaratmaq olar?”, “Estoniya təhsilinə baxış”, “Effektiv öyrənmə mühiti” kimi mövzulara toxunulub, müzakirələr aparılıb.