Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, müstəqil ekspertlər və digər maraqlı tərəflər dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı mərhələsini izləyiblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova jurnalistlərə verdiyi açıqlamada prosesin şəffaf şəkildə təşkil edilməsinin dövlətin məktəbəqədər təhsilə verdiyi önəm və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.
“Proses şəffaf təşkil olunub və İctimai Şura üzvləri üçün imtahanı izləməyə tam şərait yaradılıb. Biz prosesi diqqətlə izlədik və imtahan sualları ilə tanış olduq. Müəllimlər üçün yaradılan şərait imtahanın keçirilməsi üçün olduqca əlverişli idi”, – deyə o əlavə edib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev jurnalistlərə açıqlamasında bildirib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər və metodistlər üçün təşkil olunan prosesi çərçivəsində müşahidə aparmaq və müəllimlərlə də söhbətləşmək üçün lazmı şərait yaradılıb:
“Bu, tərbiyəçi-müəllimlər üçün yaxşı bir fürsətdir ki, onlar öz zəif tərəflərini inkişaf etdirsinlər. Həmçinin, məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin diaqnostik qiymətləndirilməsi, onların gələcəkdə sertifikasiya imtahanlarından keçməsi üçün hazırlıq rolunu oynayacaq”.
Məktəbəqədər təhsil üzrə müstəqil ekspert Xalidə Rızayeva isə qeyd edib ki, bu proses müəllimlərə təlim ehtiyaclarını müəyyənləşdirmək imkanı verir.
Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə sabah da davam edəcək.
1/14